17:25 16-09-2020
news_image
153
FUTBOL

“Neftçi”nin iddialı qonağı – “Qalatasaray”

“Neftçi” sabah növbəti avrokubok matçını keçirəcək.

Apasport.az saytının məlumatına görə, Azərbaycanın ən titullu klubu Avropa Liqasının II təsnifat mərhələsində qüvvəsini sınayacaq.

Paytaxt təmsilçisi Türkiyənin “Qalatasaray” klubunu qəbul edəcək. Bir matçdan ibarət olan və tamaşaçısız keçiriləcək qarşılaşma Bakı Olimpiya Stadionunda baş tutacaq. Öncədən “Bakcell Arena”da keçirilməsi nəzərdə tutulan görüşün yeri sonradan dəyişdirilib.

Türkiyənin ən titullu klubu olan İstanbul təmsilçisi Azərbaycanda ən çox sevilən futbol komandasıdır. Bu, iki qonşu ölkənin köklü klublarının duelinə xüsusi rəng qatır.

Premyer Liqanın son turunda “Sumqayıt” önündə də aciz qalan “Neftçi” adlı-sanlı rəqibi ilə görüşdə şanslı hesab olunmur. Ötən il iki mərhələ adlayan bakılılar bu müddətdə xeyli zəiflədiyindən “sarı-qırmızılar”ı yalnız möcüzə sayəsində keçə bilər.

Yeni mövsümə “Qaziantep” üzərində inamlı qələbə ilə başlayan Super Liqa klubu avrokuboklarda da iddialı olduğunu Bakıda göstərməyə çalışacaq. Şimali Makedoniya “Şkupi”sini sönük oyunla keçən Füzuli Məmmədovun yetirmələri daha güclü rəqibini mübarizədən kənarlaşdırsa, növbəti raundda da evdə oynayacaq.

Çünki “Neftçi” – “Qalatasaray” cütünün qalibi “Renova” (Şimali Makedoniya) - “Hayduk” (Xorvatiya) duelində üstün olan komandanı qəbul edəcək. Lakin bunun üçün “ağ-qaralar” Azərbaycan klublarının Türkiyə sindromunu qırmalıdır.

Məsələ ondadır ki, təmsilçilərimiz avrokuboklardakı 4 qarşılaşmada qonşu ölkə klublarının qapısına qol da vura bilməyib. “Turan” “Fənərbaxça”dan, “Kəpəz” “Antalyaspor”dan 7 cavabsız top buraxıb.

“Neftçi” “Qalatasaray”la tarixində 3-cü dəfə görüşəcək. 30 ildən bir üz-üzə gələn rəqiblərin əvvəlki matçları SSRİ dövrünə təsadüf edib. 1960-cı ildə Bakıda 3:1 hesablı qələbə qazanan təmsilçimiz 1990-cı ildə İstanbulda məhsuldar heç-heçə edib – 2:2. Amma budəfəki “Neftçi” əvvəlki qədər yaxşı təsir bağışlamır. Bu, heç vaxt “ağ-qaralar”a qalib gəlməyən “cim-bom”a ilkə sevinmək imkanı verə bilər.

Ancaq qonaqların ölkəmizə arxayın gəlməsi, baş məşqçi Fatih Terimin aparıcı futbolçulara istirahət vermək planları “Neftçi”nin işinə yaraya bilər. Bakılıların mərhələ keçməklə bağlı cüzi şansları da rəqibin arxayınlığından yaranır.

Qeyd edək ki, “Neftçi” – “Qalatasaray” matçı saat 20:00-da başlayacaq.

Avropa Liqası
II təsnifat mərhələsi
17 sentyabr
20:00. “Neftçi” – “Qalatasaray” (Türkiyə) 

Hakimlər: Kevin Klensi, Devid Makqişi, Qrem Stüart, Euan Anderson (hamısı Şotlandiya)
Bakı Olimpiya Stadionu