01:44 17-09-2020
news_image
369
FUTBOL

“Bu qələbə eyforiya, ecazkar hiss verdi” – “Molde”nin baş məşqçisi

“Bu gün komanda bütün ruhunu meydanda qoydu, sona qədər mübarizə apardı”.

Apasport.az saytının məlumatına görə, bunu “Molde”nin baş məşqçisi Erlinq Mo Çempionlar Liqasının III təsnifat mərhələsində “Qarabağ”la keçirilən oyunu dəyərləndirərkən deyib.

0:0 hesabı ilə başa çatan qarşılaşmada penaltilər seriyası sayəsində qələbə qazanaraq mərhələ adlayan Norveç təmsilçisinin çalışdırıcısı hədəflərinin qrupa düşmək olduğunu söyləyib: “Bu qələbə insana eyforiya, ecazkar bir hiss verir. Yaşıl meydanlarda bunu tez-tez yaşamırıq. Hədəfimiz Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanmaqdır. Əlimizə düşən imkandan yararlanmağa çalışacağıq. Bu, həm də ciddi gəlir mənbəyi deməkdir. Maliyyə hesabatında yaxşı olduğumu deyə bilmərəm. Ancaq bu baş verərsə, böyük təminat qazanmış olarıq. Bizi dəstəkləyən etibarlı sponsorlarımız var. Bu da iddialı olmaq, gələcəyə nikbin baxmaq imkanı yaradır”.

Mo matçın 102-ci dəqiqəsində Etzaz Hussainin penalti zərbəsini qaçırmasına da münasibət bildirib: “Əslində penaltini Ohi Omoyjuanfo vurmalı idi. Ancaq Etzaz Hussain məsuliyyəti üzərinə götürdü. Qolla nəticələnməsə də, onun yükün altına girməsi böyük məsuliyyət idi. Düşünürəm ki, Etzaz həmin an əsl xarakter, cəsarət nümayiş etdirdi”.

Qeyd edək ki, “Molde” pley-offda “Ferensvaroş”la (Macarıstan) qarşılaşacaq. “Qarabağ” isə mübarizəni Avropa Liqasında davam etdirəcək.