09:41 17-09-2020
news_image
236
FUTBOL

“6-cı penalti zamanı arxayın idim” – “Molde”nin qapıçısı

“Qarışıq duyğular keçirirəm. Yolumuza davam etmək istəyirdik. İsti hava şəraitində görüşün əlavələrə uzanması işimizi çətinləşdirdi. Buna görə bütün komanda yoldaşlarım tərifə layiqdirlər”.

Apasport.az saytının məlumatına görə, bunu “Molde”nin qapıçısı Andreas Linde Çempionlar Liqasının III təsnifat mərhələsində “Qarabağ” üzərində qazanılan qələbəni şərh edərkən deyib.

0:0 hesabı ilə başa çatan matçın penaltilər seriyasında Bədavi Hüseynovun zərbəsini dəf edən 27 yaşlı qolkiper komandasını pley-offa daşıyıb. İsveçli bunu karyerasının ən yaxşı qurtarışı hesab edir: “Rəqibin 6-cı penaltisi zamanı bir az arxayın idim. Çünki zərbələrin sayını itirmişdim və onun həlledici olub-olmadığını bilmirdim. Yalnız zərbəni dəf etdikdən sonra komanda yoldaşlarım mənə tərəf qaçdıqları zaman qələbə qazandığımızı başa düşdüm. İnanılmaz sevinc və rahatlıq hissi keçirdim. Həmin penalti karyeramın ən vacib qurtarışı idi”.

Linde bu qələbəni 14 yaşı olarkən vəfat edən atasına həsr edib: “Bilirəm ki, atam hər gün, eyni zamanda meydanda olduğum zaman məni izləyir. “Qarabağ”la matçda da onun arxamda olduğunu hiss etdim. Bu, mənim üçün çox şey deməkdir və belə vəziyyətlərdə əlavə dəstəyim olur”.

Qeyd dək ki, “Molde” Çempionlar Liqasının pley-off mərhələsində Macarıstan təmsilçisi “Ferensvaroş”la qarşılaşacaq. “Qarabağ” isə mübarizəni Avropa Liqasında davam etdirəcək.