11:01 18-09-2020
news_image
268
FUTBOL

“Milan” “Qarabağ”ı keçdi – reytinqdə

Avrokubokların bu həftə keçirilən oyunlarından sonra klubların UEFA reytinqi açıqlanıb.

Apasport.az saytının məlumatına görə, siyahıda ümumilikdə 428 komanda yer alıb.

Azərbaycanın ən yaxşı təmsilçisi “Qarabağ” Avropada 65-cidir. Çempionlar Liqasında “Molde”yə penaltilər seriyasında uduzaraq Avropa Liqasına yuvarlanan Ağdam təmsilçisi 3 pillə geriləyib.

Qurban Qurbanovun yetirmələri “Milan” (İtaliya), “Standard” (Belçika) və “Styaua”nı (Rumıniya) özündən önə buraxıb.

Bu il avrokuboklarda oynamayan “Qəbələ”nin xal hesabı dəyişməyib. “Qırmızı-qaralar” 5,500 xala malikdir. 9 pillə geriləyən təmsilçimiz 191-199-cu yerləri bölüşür.

Avropa Liqasında “Qalatasaray”a (Türkiyə) 1:3 hesabı ilə məğlub olan “Neftçi” 6 pillə geriləyib. 5,000 xala malik bakılılar 218-224-cüdür.

2 pillə irəliləyən “Keşlə”, “Sumqayıt”, “Səbail”, “Zirə” və “Kəpəz” 3,250 xalla 301-308-ci yerlərə şərikdir.

Qeyd edək ki, reytinqə 111,000 xalla “Bavariya” (Almaniya) başçılıq edir.