21:39 19-09-2020
news_image
99
FUTBOL

“Hansı komanda ilə yola çıxdığımızın fərqində idik” – Aftandil Hacıyev

"Baxımlı, ilk yarıda sürətli oyun oldu. Matçın çox hissəsi maraqlı keçdi. Birinci hissədə buraxdığımız səhvlər nəticəyə öz təsirini göstərdi. Rəqib haqda isə yalnız xoş sözlər deyə bilərəm. Hər bir komandaya çətinlik törədən klubdur".

Apasport.az saytının məlumatına görə, bunu "Səbail"in baş məşqçisi Aftandil Hacıyev səfərdə "Sumqayıt"a 1:2 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının III tur matçından sonra mətbuat konfransında deyib.

39 yaşlı mütəxəssis bildirib ki, kifayət qədər qol epizodu yaxalayıblar. Hacıyev komandanı hələ tam komplektləşdirmədikilərini və bəzi futbolçuların hazır olmadıqlarını əlavə edib. O, gənc futbolçuların gələcəkdə daha yaxşı formaya düşəcəklərinə inam ifadə edib. 

3 oyundan 3 məğlubiyyət almalarına da toxunan Hacıyev hələ çempionat öncəsi çətinliklə üzləşəcəklərini bildiklərini söyləyib: "Əlbəttə, bizi nəticə razı salmaya bilər. Amma hansı komanda ilə yola çıxdığımızın fərqində idik. "Səbail" yaşayarsa, gənclərlə təcrübəlilərin vəhdətindən komanda quracağıq. Hazırda komandanın gələcəyi üçün təhlükə yoxdur. Amma çox yüksək səviyyəli klublarımızın dağıldığını nəzərə alaraq, bunu deyirəm".

Hacıyevin sözlərinə görə, Hendrik Ekşteyn komandadan ayrılmasından peşman olduğunu bildirib. O, gələn həftə ərzində afrikalı legionerlə bağlı qəti qərarın veriləcəyini əlavə edib.