13:45 20-09-2020
news_image
362
FUTBOL

“Azərbaycanda quzu əti çox yeyirlər” – Nikolas Hagen

“Özümü xoşbəxt hiss edirəm. Məsuliyyətlə götürdüyüm bir macəradır və bundan həzz alacağam”.

Apasport.az saytının məlumatına görə, bunu “Səbail”in qapıçısı Nikolas Hagen Qvatemala mətbuatına açıqlamasında deyib.

Komandası Premyer Liqanın ilk 3 turunda məğlub olmasına baxmayaraq, 24 yaşlı qolkiper vəziyyətindən razılıq bildirib. O, “Səbail”in heyətində inkişaf edəcəyini düşünür: “Uyğunlaşma dönəmi yaxşı keçdi, amma dil baxımından bir az ləng oldu. Komanda ilə ünsiyyət qurmağı bacarıram, vacib olan da budur. Yavaş-yavaş bir ailə kimi oluruq. Bu çox önəmlidir. Məni insan və futbolçu kimi böyüməyə vadar edəcək. Burada inkişaf etmək və bir addım da irəli getmək hədəfindəyəm. Çox yaxşı komandamız var. Hər kəsin özünü tanıtmaq və başqalarının gözləntilərini qarşılamaq istədiyi yerdir”.

Qvatemala ilə Azərbaycan futbolunu müqayisə edən Hagen burada daha səviyyəli oyunlar olduğunu deyib: “Azərbaycanda cəsarətli oyun sərgilənir. Burada prioritet futbol oynamaqdır. Sürətli və 1-2 toxunuşlu mübarizə olur. Önəmli təməlləri var. Qol imkanları yaratmaq və rəqibdən qorxmamaq düşüncəsindədirlər. Oyunun içində dəyişikliklər də çox olur”.

Qvatemala millisinin üzvü yeməklərə uyğunlaşmaqda çətinlik çəkmədiyini də vurğulayıb: “Yeməklər arasında çox fərq yoxdur, pəhrizimi saxlamalıyam. Qvatemaladan fərqli olaraq, burada quzu əti çox yeyirlər. Yeməklərin hazırlanma tərzi də fərqlidir”.