22:27 20-09-2020
news_image
236
FUTBOL

"Bunun "Qarabağ"a təsiri olmuşdu" - Füzuli Məmmədov

“Qələbəni “Neftçi” azarkeşlərinə həsr edirəm”.

Apasport.az saytının məlumatına görə, bunu “Neftçi”nin baş məşqçisi Füzuli Məmmədov Azərbaycan Premyer Liqasının III turunda “Qarabağ”la keçirilən oyun barədə danışarkən deyib.

Komandasının səfərdə 2:1 hesabı ilə qalib gəldiyi oyundan sonra təşkil edilən mətbuat konfransında matçı dəyərləndirən Məmmədov fikrini bu sözlərlə davam etdirib: “Gərgin oyun olacağını bilirdik. Əlimizdə olan imkanlardan maksimum istifadə etdik ki, komandanı oyuna hazır edək. Vaxtımız az idi. Futbolçular meydanda əzmkarlıq göstərdilər. Belə güclü rəqib qarşı oynamaq əzmkarlıq, istək tələb edir. Bu gün qələbə bizim üçün çox önəmli idi. “Neftçi”sevərləri təbrik edirəm”.

Çalışdırıcı avrokubok matçlarına görə hər iki komandanın fiziki durumunun eyni olduğunu vurğulayıb: “İki komandanın da fiziki durumu eyni idi. “Qarabağ” bir gün əvvəl oynamışdı. Amma səfərdə və isti havada çıxış etmişdilər. Bunun da onlara təsiri olmuşdu. Bu gün deyərdim ki, uşaqlar vuruşdular və qələbə qazandıq”.

Məmmədov hücumçularından da razılıq bildirib: “Prins İbaranın fiziki cəhətdən yorulduğu hiss olunurdu. Mirabdulla Abbasov isə getdikcə daha yaxşı çıxış edir. Bu gedişlə Mirabdulla bizim əsas hücumçumuz olacaq. Ümumilikdə hər iki hücumçumuzun performansı göstərir ki, ön xəttimizdə problem olmayacaq”.