22:36 20-09-2020
news_image
243
FUTBOL

“Fikirləşirlər ki, psinsipə hücumçu almıram” – Qurban Qurbanov

“Neftçi” bu gün çox vacib qələbə qazandı”.
Apasport.az saytının məlumatına görə, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının III turunda “Neftçi” ilə keçirilən oyunu dəyərləndirərkən deyib.

Təcrübəli mütəxəssis bildirib ki, oyuna hazırlaşmaq çətin idi: “İlk hissədə hər şey intizamlı görünürdü, nəzarət ümumilikdə bizdə idi. Hər iki komanda yorulmuşdu. Bəlkə də, biz daha çox yorulmuşduq. Çünki 120 dəqiqəlik mübarizədən çıxmışdıq. Belə durumda biz məşqçilərdən çox şey asılıdır. Futbolçuların yanında olmaq, onları dəstəkləmək lazımdır. Onlara bu gün də güvənirik. Düşünürəm ki, qarşıdakı oyunlarda daha yaxşı olacağıq. Buna həm məcburuq, həm də potensialımızın olduğunu bilirik. İlk turlardan görünür ki, çempionat gərgin keçəcək”.

Qurbanov onları sıx təqvimin gözlədiyini vurğulayıb: “Mövsümün tam təqvimi artıq çıxıb. Əgər Avropa Liqasının qrupuna düşə bilsək, daha sıx qrafikdə oynayacağıq. Xüsusən də, milli komandada çıxış edən futbolçular üçün çətin olacaq. Əvvəllər heyətimiz geniş olduğu üçün dəyişikliklər edə bilirdik. Bu gün Zubirin, Romeronun zədəsi var idi. Romero hələ qarşıdakı 3 oyunu buraxa bilər. Belə qrafik bizə ikiqat zərbə vurur”.

Baş məşqçi hücum mövqeyində problemin yaranmasının səbəblərindən də bəhs edib: “Bu gün təkcə hücumçuya yox, bir neçə oyunçuya ehtiyacımız var. Bəzən fikirləşirlər ki, Qurban Qurbanov psinsipə hücumçu almır. Amma qətiyyən belə deyil. Oyunçu almaq imkanımız olsaydı, bundan mütləq yararlanardıq. Zubir və Romero zədəli olmasaydı, hücum xəttində problem o qədər də çox görünməyəcəkdi. Çünki onları hücumçu gözündə görürəm. Mahirin psixoloji cəhətdən gərgin vəziyyətdə olmasının da təsiri var. Təkcə hücuma yox, hər mövqeyə oyunçu axtarırıq. Xüsusən də, pandemiya dönəmində bu çox çətindir”.