11:10 21-09-2020
news_image
215
FUTBOL

Dünyada 40-cı – Azərbaycan Premyer Liqası

Gənc futbolçuların daha çox şans qazandığı liqaların siyahısı açıqlanıb.

Apasport.az saytının məlumatına görə, CİES futbol observatoriyası son 5 ildə dünyanın 80 ölkəsinin yüksək liqalarında çıxış edən 21 yaşadək futbolçularla bağlı hesabat hazırlayıb.

Azərbaycan Premyer Liqası da cədvəldə yer alıb. CİES son 5 ildə çempionatımızda baş tutan 604 matça əsasən hesablama aparıb.

Bu qarşılaşmalarda meydanda olan futbolçuların 13,7 faizi gənclərdir. Rəqəmin yüksək olmasında limitin də rolu var. Çempionatımızda hər komandanın heyətində 1 futbolçu 21 yaşadək olmalıdır. Bu, artıq 11,1 faizi təmin edirsə, klublarımız bundan da artığını gerçəkləşdirib.

Bu, dünyanın 80 liqası arasında 40-cı nəticədir. Rekord isə Estoniyaya məxsusdur. Baltikyanı ölkədə meydanda olanların 31,1 faizi gənclərdir. Latviyada 27,2, Sloveniyada 26,4 faiz oyunçu 21 yaşdan aşağıdır.

Çin çempionatında isə gənclərə güvənmirlər. Burada onların heyətdəki çəkisi 3,9 faizdir. Qonşu Türkiyə Super Liqası 4,1 faizlik göstərici ilə 2-cidir. Səudiyyə Ərəbistanı ilk “üçlüy”ü qapayır – 4,6 faiz.