17:51 21-09-2020
news_image
128
FUTBOL

“Fərqlənmək üçün şansım olacağını bilirdim” - “Sabah”ın hücumçusu

“Sabah”da ilk qolumu vurduğuma görə çox xoşbəxtəm”.

Apasport.az saytının məlumatına görə, bunu “Sabah”ın hücumçusu Xulio Sezar Rodriges Premyer Liqanın III turunda “Zirə” ilə keçirilən oyun haqda danışarkən deyib.

Komandasının 2:0 hesabı ilə qalib gəldiyi matçda ilk topun müəllifi olan paraqvaylı forvard klubun rəsmi saytına açıqlamasında “Sabah”da qol hesabını açması ilə bağlı təəssüratlarını bölüşüb: “Məni birinci qoldan çox sevindirən məqam komandamın qələbəsinə töhfə verməyim oldu”.

Görüşün son dəqiqələrində ümumi nəticəni müəyyənləşdirən qola imza atan digər hücumçu Kevin Kubemba da “Sabah”da siftə edib. Fransalı oyunçu da sevincini gizlətməyib: “Sabah”da rəsmi oyunlarda ilk qolumu vuraraq komandamın qalib gəlməsində rol oynadığıma görə xoşbəxtəm. Meydana çıxanda fərqlənmək üçün şansım olacağını bilirdim. Tanrıya şükür, bu fürsətdən yararlandım”.

Qeyd edək ki, dünənki qarşılaşmada Xulio oyuna start heyətində başlayıb sona kimi meydanda olub. Kevin isə 87-ci dəqiqədə əvəzetmədən oyuna qoşulub.  

Bu günə kimi “Sabah”ın heyətində Azərbaycan Premyer Liqasında 21 futbolçu qol vurmağa nail olub. Komandada yüksək liqada ən çox qol vurmuş futbolçu Marko Deviçdir (9 qol).