09:52 22-09-2020
news_image
360
FUTBOL

“Futbolun daha vacib olduğu yerə gedəcəyinə ümid edirdim” – “Səbail”in transferi haqda

“Legioner həyatı Hageni böyüməyə məcbur edəcək”.

Apasport.az saytının məlumatına görə, bunu Qvatemala millisinin qapıçısı Rikardo Xerez həmyerlisi Nikolas Hagenin “Səbail”ə transferini dəyərləndirərkən deyib.

Kolumbiyada “Alianza Petrolera” klubunun formasını geyinən 34 yaşlı qolkiper yığmadakı rəqibinin daha yaxşı kluba keçidini gözləyib. O, ESPN-ə açıqlamasında Azərbaycan futbolu barədə məlumatsız olduqlarını söyləyib: “Azərbaycan variantı məni təəccübləndirdi, orada futbolla bağlı heç nə bilmirik. Azərbaycandan heç bir futbolçunu tanımıram, bu məni təəccübləndirdi. Hagenin futbolun daha vacib olduğu yerə gedəcəyinə ümid edirdim. Ölkə xaricində ilk təcrübə zamanı imic də lazımdır”.

Xerezin fikrincə, Hagen ölkəmizdə yeni təcrübə toplayacaq: “Xaricə yollanan hər oyunçumuza uğurlar arzulayıram. Başqa ölkəyə yollanmaq insanın dünyagörüşünü artırır. Niko da tək yaşamağı, yeni dil, mədəniyyət öyrənir. Ümid edirəm ki, yaxşı işlər görəcək. İnanmaq istəyirəm ki, onu böyüdəcək, potensialından tam şəkildə istifadə edəcək insanların olduğu komandaya yollanıb. Nikonun çox xəyalları var. Bu xəyalları reallaşdıracaq gücə də malikdir”.

Qeyd edək ki, Nikolas Hagen “Səbail”ə Qvatemalanın “Munisipial” klubundan keçib.