09:08 23-09-2020
news_image
587
FUTBOL

“Azərbaycan klubları ilə danışıq aparıram” – Yamayka millisinin hücumçusu

“Keşlə”nin sabiq futbolçusu Andre Klennon yenidən Azərbaycanda çıxış edə bilər.

Apasport.az saytının məlumatına görə, bunu yamaykalı hücumçu özü deyib.

Hazırda ölkəsində “Humble Lions” klubunun formasını geyinən 31 yaşlı oyunçu komandanı tərk etmək və növbəti dəfə legioner həyatı yaşamaq arzusunda olduğunu vurğulayıb. Klennon koronavirus pandemiyasının danışıqları ləngitdiyini söyləyib: “Planım xaricə yollanmaq və yenidən ən yüksək səviyyədə oynamağa başlamaqdır. Xüsusən Türkiyə, İran və Azərbaycana baxıram. Bu səbəbdən indiyə qədər hədəflədiyim ölkələr bunlardır. Agentim bu ölkələrin bir neçə klubu ilə danışıqları davam etdirir”.

Yamayka millisinin üzvü “Humble Lions”da qalmayacağını, ölkə xaricində bir klubla mütləq anlaşacağını deyib: “COVID-19 pandemiyası səbəbindən bir çox klublar büdcələrinə əsasən hərəkət edirlər. Ancaq legioner həyatı yaşamaq da mənim ən böyük arzumdur. Durmadan məşq edirəm ki, hansısa klubla müqavilə bağlasam, ora tam hazır vəziyyətdə gedim”.

Qeyd edək ki, 2018-ci ilin yanvarında “Keşlə”yə keçən Andre Klennon il yarım Bakı klubunun heyətində çıxış edib.