21:30 25-09-2020
news_image
147
FUTBOL

“Hər şey zərgər dəqiqliyi ilə yerinə yetirildi” - Qurban Qurbanov

“Maraqlı oyun oldu. Sonda xal qazana bildik”.

Apasport.az saytının məlumatına görə, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının IV turunda “Sumqayıt”la keçirilən səfər oyunundan sonra deyib.

Sumqayıtda baş tutan qarşılaşmada Ağdam təmsilçisi son saniyələrdə vurduğu qolla məğlubiyyətdən qaçıb - 2:2

Görüşdən sonra təşkil edilən mətbuat konfransında Qurbanov fikrini bu sözlərlə davam etdirib: “Hələ "Sabah"la oyunda bildirmişdim ki, çempionat gərgin keçəcək. Rəqibi yaxşı oyun münasibətilə təbrik edirəm. Gedişat baxımından nəticə qənaətbəxşdir. Hər iki topu əks-hücumdan sonra cinah ötürmələrindən buraxdıq. Hər şey zərgər dəqiqliyi ilə yerinə yetirildi. Oktyabrın 1-də bizi Avropa Liqasında vacib oyun gözləyir”.

48 yaşlı mütəxəssis Avropa Liqasının pley-off mərhələsində Polşa təmsilçisi “Legiya” ilə keçiriləcək matça da münasibət bildirib: “Legiya"nın baş məşqçisi dəyişib. İndi daha aqressiv oynayırlar. Rəqib imkan verdikdə cinah oyunçuları fəallaşır”.

Ardıcıl 4 matçdır qələbə qazana bilməmələrinə də toxunan Qurbanov gələcəkdə işlərinin daha çətin olacağını vurğulayıb: "Vəziyyəti, sponsorları, sabah necə olacağını nəzərə almalıyıq. 3-4 perspektivli futbolçumuz var. Onların təcrübələrinin artması mənim üçün çox önəmlidir. Məncə, yaxşı komandamız var və uğurlu nəticə əldə etməyə qadirik".

Komandada çoxlu dəyişikliyin baş verməsinə də diqqət çəkən təcrübəli mütəxəssisin sözlərinə görə, əvvəllər iki bərabər səviyyəli heyətə malik olublar: "Hər dəfə çempionata eyni səviyyədə başlamaq olmaz. Amma yenə də öz səviyyəmizi qorumağa çalışırıq. İşimizi düzgün və səbrlə görərək, yuxarı yerlərdə qalmaq niyyətindəyik. Aleks Ferqyusonun bir sözü var: “Komandanın hansı səviyyədə olduğunu mövsümün sonunda biləcəyik".