11:24 28-09-2020
news_image
89
FUTBOL

588 gündən sonra sevindi – Əfran İsmayılov

“Səbail”in futbolçusu Əfran İsmayılov Azərbaycan çempionatında 40-cı qolunu vurub.

Apasport.az saytı xəbər verir ki, bu, Premyer Liqanın IV turunun “Sabah”la görüşünə təsadüf edib.

2:1 hesablı qələbəyə qolla töhfə verən yarımmüdafiəçi yubiley topuna imza atıb. Əfran həm də qolsuzluq seriyasına son qoyub. Ötən mövsüm də qol vurmayan futbolçu sonuncu dəfə 2019-cu il fevralın 16-da “Sumqayıt”ın üzvü kimi “Keşlə”nin qapısına yol tapıb. Komandasının 1:2 hesablı məğlubiyyətindən 588 gün sonra İsmayılov növbəti dəfə fərqlənib.

“Səbail”də qol hesabını açan Əfran özünün 7-ci komandası ilə Premyer Liqada fərqlənib. İlk qolunu 2008/09 mövsümündə “Turan”da vuran Əfran Tovuz təmsilçisində 2, “Qarabağ”da 22, “Bakı”da 8, “Sumqayıt” və “İnter”də (indiki “Keşlə”) 3, “Xəzər Lənkəran”da 1 qol vurub.

“Sabah”ın qapısına 11 metrlik cərimə zərbəsindən qol vuran yarımmüdafiəçi Premyer Liqada 10-cu dəfə penaltidən qol sevinci yaşayıb. O, yerinə yetirdiyi 10 zərbədə yüz faizlik dəqiqlik nümayiş etdirib.

Qeyd edək ki, Əfran ölkə çempionatları tarixinin ən məhsuldar futbolçuları sırasında 55-59-cu yerlərə şərik çıxıb. O, 40 qol vuran Mehman Allahverdiyev, Samir A. Məmmədov, Fernando Peres və Junivan Suaresə çatıb.