12:22 30-09-2020
news_image
183
FUTBOL

Hadisələrin Azərbaycan və Ermənistan millilərinin oyunlarına təsiri diqqətdə saxlanılır - FİFA

FİFA hazırda Dağlıq Qarabağda Azərbaycanla Ermənistan arasında baş verən hadisələri yaxından izləyir.

Apasport.az xəbər verir ki, bu barədə ali futbol qurumundan “France Football” nəşrinə bildirilib.

FİFA iki ölkənin yığma komandasının gələcək taleyi barədə də açıqlama verib. Qeyd olunub ki, Azərbaycan və Ermənistan millilərinin beynəlxalq arenadakı gələcək oyunlarına hazırkı durumun potensial təsiri diqqətdə saxlanılır.

Həmçinin 2021-ci ildə Avropa çempionatının 4 oyununu qəbul edəcək Bakıda matçların keçirilib-keçirilməyəcəyinə də aydınlıq gətirilib: “Bu hadisələrin AVRO-2020-yə təsiri barədə nəsə demək üçün hələ tezdir. Qitə birinciliyinin startına hələ 9 ay vaxt var və oyunlar planlaşdırıldığı kimi keçirilməlidir”.

Qeyd edək ki, gələn il 11 iyun – 11 iyul tarixlərində baş tutacaq AVRO-2020-də qrup mərhələsinin üç, 1/4 finalın isə bir oyunu Bakı Olimpiya Stadionunda keçiriləcək.