09:48 01-10-2020
news_image
583
FUTBOL

Yakub Jezniçak: “Qarabağ”ın əl-qol açmasına imkan vermək olmaz” - MÜSAHİBƏ

“Qarabağ”ın sabiq futbolçusu Yakub Jezniçak ölkəsi Polşada “TVP Sport”un qonağı olub.

Apasport.az saytının məlumatına görə, hazırda Plotsk “Visla”sında çıxış edən 34 yaşlı müdafiəçi vaxtilə 13 il formasını geyindiyi Varşava “Legiya”sının Avropa Liqasının pley-off mərhələsində Azərbaycan çempionu ilə bu gün keçirəcəyi qarşılaşmanı dəyərləndirib.

2017-2019-cu illərdə Ağdam klubunun şərəfini qoruyan Jezniçak təmsilçimizin üstünlüklərindən, həmçinin komandaların şanslarından danışıb.

- 2017-ci ilin yayında “Qarabağ”a keçidiniz necə baş tutmuşdu?
- “Legiya”da çıxış edirdim, 2016/17 mövsümü yeni başa çatmışdı. Növbəti mövsümün hazırlıqlarına başlayırdıq ki, menecerlərdən biri məni çağıraraq Bakıda, “Qarabağ” komandasında oynamaq istəyərəmmi deyə soruşdu. Klubla maraqlandım, nəticələrini və vəziyyətini izlədim, Avropadakı durumunu araşdırdım. 30 yaşda xaricdə gücümü sınamaq üçün əyləncəli bir yer olduğu qənaətinə gəldim. İki-üç günlük danışıqdan sonra ora getmək qərarına gəldim. Bundan əvvəl “Qarabağ”da və daha əvvəl “Yagelloniya”da oynayan Dani Kintanadan məlumat almışdım. Klubun üstünlüklərindən danışmışdı. İlk danışıqdan bir neçə gün sonra təyyarəyə oturub Bakıya uçdum.

- Son illərin ən yaxşı Azərbaycan komandasının oyununu necə təsvir edə bilərsiniz?
- Yüksək oyun mədəniyyəti və texniki oyunla xarakterizə olunurlar. 12 ildir "Qarabağ"ı çalışdıran baş məşqçi Qurban Qurbanov bir neçə dəfə Pep Qvardiolanın yanında təcrübə keçib, onun böyük fanatı olduğu deyilir. Bakıda olduğum zaman çoxlu ötürmələrlə qol vəziyyətləri yaratmağa çalışırdıq.

- “Qarabağ” “Legiya”dan nə ilə fərqlənir?
- Fərq çox deyil. “Legiya” da meydanda hakim olmağa və çox qol vəziyyəti yaratmağa çalışır. “Qarabağ” və “Legiya” oyunçularının səviyyəsi eynidir. Oyun günü əhval-ruhiyyə həlledici olacaq. İndiki məqamda şansları yarı-yarıya dəyərləndirirəm.

- “Qarabağ”ın heyəti necədir, hansı futbolçular daha təhlükəli sayılır?
- Gənc oyunçuların əksəriyyəti Azərbaycan vətəndaşıdır. Azərbaycanlı oyunçular da bizimlə oxşar qaydalara sahibdirlər. Məsələn, bir gənc futbolçu çempionat matçında meydanda olur, tez-tez oynamaq şansı qazanır. Bundan əlavə, "Qarabağ" ölkənin hər yerindən ən yaxşı oyunçuları cəlb edir. Bu baxımdan heç bir problem yoxdur. Komandanı xaricdən gələn təcrübəli, əsasən 30 yaşdan yuxarı oyunçular gücləndirir.

- Yəqin ki, “Qarabağ”ın oyunlarını izləyirsiniz. Sizin Polşaya qayıdışınızdan sonra həmin klubda nələr dəyişib?
- Bəli, “Qarabağ”ın matçlarını tez-tez izləyirəm, xüsusən də, yüksək səviyyədə olan avrokubok görüşlərini. Komanda bir neçə ildir mütəmadi olaraq Avropa Liqasının qrup mərhələsində iştirak edir. Orada olduğum vaxt bir mövsüm Çempionlar Liqasında da mübarizə apardıq. O vaxtdan bəri heyət çox dəyişməyib, bir neçə əcnəbi gedib. Azərbaycanlılar, demək olar ki, mən orada olduğum dönəmdən komandadadırlar.

- “Legiya”nın baş məşqçisi Çeslav Mixneviç oyunda əsasən nələrə diqqət yetirməlidir?
- İlk növbədə əcnəbilərə, əsasən də, fransalı Abdullah Zubir və xorvatiyalı Filip Ozobiçə diqqət yetirməlidir. Düşünürəm ki, “Legiya” rəqibin cinahlarda əl-qolunun açılmasına imkan verməməlidir. Onlar mövqe hücumunu sevirlər və bu, “Qarabağ”da yaxşı alınır.