17:36 02-10-2020
news_image
1225
FUTBOL

Tanış “Makkabi”, məğlubiyyətsiz ispanlar, amansız qonşular - STATİSTİKA

Azərbaycan çempionu “Qarabağ”ın Avropa Liqasının qrupunda qarşılaşacağı üç komandadan yalnız biri əvvəllər də təmsilçilərimizə rəqib olub.

Apasport.az saytının məlumatına görə, Təl-Əviv “Makkabi”si 2011/12 mövsümündə “Xəzər Lənkəran”la üz-üzə gəlib.

İsraildə 3:1 hesabı ilə qalib gələn meydan sahibləri bu üstünlüyü cavab görüşündə qoruyub. Təmsilçimiz öz meydanında qolsuz bərabərliklə kifayətlənib.

İspaniya “Vilyarreal”ı və Türkiyə “Sivasspor”u Azərbaycan klubları üçün yeni rəqibdir. Lakin bu komandaların ölkəsindən olan digərləri təmsilçilərimizlə görüşüb.

Qələbəsiz 6 oyun
İspaniya klubları ilə yollarımız üç dəfə kəsişib. Bunlardan ikisi “Qarabağ”ın qrup mərhələsinə düşdüyü dövrə təsadüf edib. Ağdamlılar “Atletiko”dan iki dəfə xal alsa da, “Sevilya”dan quru hesablı məğlubiyyətlər görüb. İspaniyalılarla ilk qarşılaşan isə “İnter” olub. İndiki “Keşlə” “Atletik”ə qol vurmasa da, evdə uduzmayıb. Ümumilikdə, uduzmadığımız 6 qarşılaşmada 3 heç-heçə və 3 məğlubiyyət qeydə alınıb. Bir qol vuran komandalarımız 8 top buraxıb.

2015/16 mövsümü
Avropa Liqası, III təsnifat mərhələsi

Atletik (Bilbao, İspaniya) – İnter – 2:0, 0:0
2017/18 mövsümü
Çempionlar Liqası, qrup mərhələsi

Qarabağ – Atletiko (İspaniya) – 0:0, 1:1
2019/20 mövsümü, qrup mərhələsi
Avropa Liqası

Qarabağ – Sevilya (İspaniya) – 0:3, 0:2

Yalnız məğlubiyyət
“Qarabağ” ilk dəfə Türkiyə klubu ilə qarşılaşacaqsa, təmsilçilərimiz qonşularla üç dəfə rəqib olub. Bu duellərdəki 5 oyunun hamısında uduzan komandalarımız cəmi 1 top vurub, 17-ni buraxıb.

1994/95 mövsümü
UEFA kuboku, ilkin mərhələ

Fənərbaxça (Türkiyə) – Turan – 5:0, 2:0
2000/01 mövsümü
UEFA kuboku, ilkin mərhələ

Kəpəz – Antalyaspor (Türkiyə) – 0:2, 0:5
2020/21 mövsümü
Avropa Liqası, II təsnifat mərhələsi

Neftçi – Qalatasaray (Türkiyə) – 1:3

“Qarabağ”ın yazdığı tarix və sonra
İsrail klubları ilə keçirilən 6 duel çərçivəsində 12 matç oynanılıb. Klublarımız yalnız bir dəfə mərhələ keçib. Bu da ilk qarşılaşmadakı uğur sayəsində reallaşıb. “Qarabağ” avrokuboklarda mərhələ adlayan ilk Azərbaycan klubu kimi tarixə düşdüyü 1999-cu ildə Hayfa “Makkabi”sini səfərdəki ilk oyunda qazandığı qələbə ilə mübarizədən kənarlaşdırıb. Həmin cütün taleyini səfər qolları həll edib. Sonrakı 11 oyunda qələbəsi olmayan klublarımız 3 heç-heçə edib və 8 dəfə məğlub olub. 8 qol sevinci yaşayan futbolçularımız 29 qol buraxıb.

1999/2000 mövsümü
İntertoto kuboku, I mərhələ

Makkabi (Hayfa, İsrail) – Qarabağ – 1:2, 1:0
2009/10 mövsümü
Avropa Liqası, I təsnifat mərhələsi

Simurq – Bney Yehuda (İsrail) – 0:1, 0:3
2011/12 mövsümü
Avropa Liqası, II təsnifat mərhələsi

Makkabi (Təl-Əviv, İsrail) – Xəzər Lənkəran – 3:1, 0:0
2012/13 mövsümü
Avropa Liqası, III təsnifat mərhələsi

Hapoel (Kiryat-Şmona, İsrail) – Neftçi – 4:0, 2:2
2013/14 mövsümü
Avropa Liqası, II təsnifat mərhələsi

Makkabi (Hayfa, İsrail) – Xəzər Lənkəran – 2:0, 8:0
2019/20 mövsümü
Avropa Liqası, III təsnifat mərhələsi

Neftçi – Bney Yehuda (İsrail) – 2:2, 1:2