22:46 02-10-2020
news_image
289
FUTBOL

“Qrupun ən maraqlı oyunları "Sivasspor"la olacaq” – Qurban Qurbanov

"Yaxşı qrupa düşmüşük. Maraqlı rəqiblərimiz var”.
 
Apasport.az saytının məlumatına görə, bunu Azərbaycan çempionu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.
 
48 yaşlı mütəxəssis Avropa Liqasının qrup mərhələsinin bu gün keçirilən püşkünü dəyərləndirib. O, "Vilyarreal" (İspaniya), "Makkabi" (Tel-Əviv, İsrail) və "Sivasspor" (Türkiyə) klubları ilə birlikdə yer aldıqları qrup barədə fikirlərini klubun rəsmi saytına açıqlayıb: "Vilyarreal"ı hamı tanıyır, ən yaxşılardandır, istər iştirak etdiyi çempionat baxımından, istərsə də baş məşqçisinə görə. Unay Emeri "Arsenal"da çalışarkən onun komandasına qarşı oynamışıq. Tələbkar məşqçidir, özünə xas oyun üslubu var. Görünən odur ki, İspaniya təmsilçisi ən güclülərdəndir”.
 
İspaniya təmsilçisini favoritlərdən sayan mütəxəssis digər iki rəqibə də toxunub: "Sivasspor" isə stabil oyun göstərən komandadır, son mövsüm son oyunlara qədər Türkiyə Super Liqasında liderlər qrupunda oldu. "Makkabi" də ciddi rəqibdir, öz ölkəsinin ən titullu klublarından biridir və ötən mövsümün çempionudur. Hər üç komandanın öz oyun üslubu var və ciddi rəqiblərdir. Qardaş Türkiyə komandasına qarşı oynayacağıq. Düşünürəm ki, qrupun ən maraqlı oyunları "Sivasspor"la ev və səfər qarşılaşmaları olacaq. Çalışacağıq ki, maksimum ən yaxşı oyunumuzu göstərək. Düzdür, ağır qrafikdə oynayacağıq. Həm çempionat, həm Avropa Liqası, həm də millimizin Millətlər Liqasında oyunları olacaq. Futbolçularımız hər 3-4 gündən bir oyuna çıxacaq. Əlimizdən gələnin ən yaxşısını etməyə çalışacağıq".