16:59 03-10-2020
news_image
95
FUTBOL

“İnanırıq ki, torpaqlarımızı qaytaracağıq” – Elmar Baxşıyev

“İndiki durumda futbol ikinci plana keçir. Bizim komanda olaraq bütün fikrimiz cəbhə bölgəsindədir. Hər gün Ordumuzdan yeni zəfərlər gözləyirik. İnanırıq ki, Ordumuz bizi sevindirəcək və öz torpaqlarımızı qaytaracağıq”.
 
Apasport.az saytının məlumatına görə, bunu “Qəbələ”nin baş məşqçisi Elmar Baxşıyev Azərbaycan Premyer Liqasının V turunda “Sumqayıt”la keçirilən oyundan sonra deyib.
 
Doğma arenasında rəqibi ilə qollu heç-heçə edən (1:1) “qırmızı-qaralar”ın çalışdırıcısı mətbuat konfransında matçı dəyərləndirib: “Çətin olacağını bilirdik. “Sumqayıt” gənclərdən yaxşı təşkil olunmuş komandadır. Rəqib sürətli futbolu xoşlayır. Matça yaxşı hazırlaşmışdıq. Oyunun ədalətli nəticəsi heç-heçə idi. Artıq 5 tur keçib. Hər qarşılaşmada hücumda oynayır, sırf arxa xətdə oturmuruq. Mən müdafiə futbolunu xoşlamıram. Müdafiədə olanda da hücumu düşünürük. Oyun ərzində yaratdığımız epizodlar da bunu göstərir”.
 
40 yaşlı mütəxəssis futbolçuların hazırkı durumuna da toxunub: “İnanıram ki yeni qoşulan Ceyms Adeniyi komandaya fayda verəcək. Futbolçulardan razıyam, hücumda göstərdiyimiz oyundan məmnunam. Bütün futbolçuları əsas heyət üzvü kimi görürük. Yurgen Qoxanın zədəsi olduğu üçün onu qoruduq ki, durumu daha ciddiləşməsin. Murad Musayevin göstərdiyi əzmkarlıqdan razı qaldıq. Rafael Utziqin əvəzlənməsi yorulması ilə bağlıdır. Həm özü bunu istədi, həm də hücumda kreativliyi artırmağa çalışdıq”.