18:29 03-10-2020
news_image
176
FUTBOL

“Belə anlaşılır ki, yığmamızın baş məşqçisi prinsip aparır” – Ayxan Abbasov

“Oyun adət etmədiyimiz bir vaxtda keçirildi. Bu da məlum səbəblərə görədir”.
 
Apasport.az saytının məlumatına görə, bunu “Sumqayıt”ın baş məşqçisi Ayxan Abbasov Azərbaycan Premyer Liqasının V turunda “Qəbələ” ilə keçirilən səfər oyunundan sonra deyib.
 
1:1 hesabı ilə başa çatan matçdan sonrakı mətbuat konfransında çalışdırıcı bütün diqqətlərinin cəbhə bölgəsində olduğunu söyləyib: “Hər birimizin fikri, diqqəti cəbhədədir. Şəhidlərimizə Allah rəhmət eləsin, döyüşçülərimizə qələbə arzulayıram. Oyuna gəldikdə, qeyd edə bilərəm ki, matçın günorta saatlarına keçirilməsi hər iki komandaya fasilədən sonra çətinlik yaratdı. Hər iki komanda qalib gələ bilərdi. Arzuolunmaz zədəylə üzləşdik. Bütün hallarda meydanda olmuş hər bir oyunçuya təşəkkür etdim. Hesab edirəm ki, bu gün 1 xal bizim üçün qənaətbəxş nəticədir”.
 
- “Qəbələ” ilə oyunlar komandanız üçün daim çətin keçir. Sizcə, bu gün 1 xal qazandınız, yoxsa qalib gəlmək olardı?
- Biz bura 1 xal arxasınca gəlməmişdik, qalib gəlmək istəyirdik. Ancaq havanın 30 dərəcə olması fasilədən sonra hər iki komandaya öz təsirini göstərdi. Turnir cədvəlində neçənci pillədə olmağımıza baxmırıq. Hər oyunda uğurlu nəticə əldə etmək istəyirik. Qalib gələ bilmədikdə uduzmamağa cəhd etməli idik ki, buna da nail olduq.
 
- Əli Qurbaninin zədəsi nədən ibarətdir?
- Əlini əvəz etdikdən sonra sistemdə dəyişiklik etmək məcburiyyətində qaldıq. Onun nə dərəcədə ciddi xəsarət almasına sabah aydınlıq gələcək. Qasığı dartılıb.
 
- Son turlarda Murad Xaçayev özünü yaxşı tərəfdən göstərir. Sizin mövqeyiniz maraqlıdır, Murad niyə gənclər yığmamıza dəvət almır?
- Çox gözəl mövzuya toxundunuz. Ürəyim doludur. İlk olaraq əsas millinin baş məşqçisi Canni de Byaziyə təşəkkürümü bildirirəm. O, ardıcıl 2 gün məşqlərimizdə iştirak etdi. Bu gün də “Sumqayıt”ın 5 futbolçusu milliyə dəvət alıb ki, bunu haqq etdiklərini düşünürəm. Murada gəlincə, anlaya bilmirəm, bir futbolçu daha nə etməlidir ki, gənclər yığmasının diqqət mərkəzinə düşsün? Qeyd edim ki, Xaçayev de Byazinin diqqət mərkəzindədir, amma U-21-in nə baş məşqçisi, nə də onun köməkçiləri bir dəfə də olsun bizimlə əlaqə saxlamayıblar. Hərçənd, limitə uyğun gələn ən çox futbolçu məhz “Sumqayıt”da çıxış edir. Murad çempionatın startından bəri oynayır. Gənclər yığmasına dəvət alanların çoxundan da daha hazırlıqlıdır. Hər siyahı açıqlanandan sonra futbolçumuz psixoloji diskomfort yaşayır. Belə anlaşılır ki, gənclər yığmamızın baş məşqçisi ya oyunlarımıza yaxşı baxmır, ya da prinsip aparır. Bəlkə də, bilmirlər ki, Xaçayev limitə düşür. Ümid edirəm ki, bundan sonra oyunlarımızı daha diqqətlə izləyərlər.
 
- Millinin heyəti cari tur oyunları baş tutmamış açıqlandı. Axı belədə dəvətlilər özlərini qorumağa çalışacaq ki, zədələnməsin. Hesab etmirsiniz ki, de Byazi tələsib?
- Xeyr, razılaşmıram. Çünki artıq sabah milli yığışır. Düşünürəm ki, futbolçu meydana çıxdıqda yalnız həmin oyunu fikirləşir. Dediklərimi ən azı öz futbolçularıma şamil edə bilərəm. Misal kimi Əli Qurbanini göstərə bilərəm ki, bu gün zədələndi. Üstəlik, zədədən dərhal sonra onu əvəzləmək istəyəndə bir qədər də özünü sınamaq istədi. Amma ağrıların əziyyət verdiyini gördükdən sonra əvəzlədik. Futbolçu peşəkar olmalıdır.
 
- Səbuhi Abdullazadənin yoxluğu nə ilə əlaqədar idi?
- O, ən yaxşı futbolçularımızdandır. Sadəcə, Qurbaninin zədələnməsi planlarımızı dəyişdi. Sonra da Süleyman yoruldu ki, planlarda dəyişiklik etdik. Bu gün Murad Xaçayevlə Vüqar Mustafayev yetərincə intizamlı idilər, dəyişikliyə zərurət duymadım. Gənc futbolçularımız inkişaf edir. Ötən tur Rüfət Abdullazadə oynamadı, bu gün oynadı. Ötən tur Səbuhi oynadı, bu tur oynamadı. (sport24.az)