19:05 03-10-2020
news_image
208
FUTBOL

“Bayrağımızı Kəlbəcərdə, Laçında və Xankəndidə sancacağıq” – Rəşad Sadıqov

"Oyuna köklənmək çox çətin idi. Bu günlərdə şəxsi həyat və futbol haqda düşünmək çətindir. Allah ordumuza, xalqımıza və dövlətimizə kömək etsin. İnanıram ki, tezliklə torpaqlarımızı azad edəcəyik. Ordumuz irəliləyir".

Apasport.az saytının məlumatına görə, bunu "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov Premyer Liqanın V turunda "Neftçi"ni 1:0 hesabı ilə məğlub etdikləri oyundan sonrakı mətbuat konfransında deyib.

38 yaşlı çalışdırıcı bildirib ki, oyuna hazırlaşmaq onlar üçün çətin olub: "Ancaq işimizi görməliyik. Oyunun bu ssenari ilə keçəcəyini gözləmirdim. “Neftçi” matça yaxşı başladı. Oyunu müdafiədən qurub, səhv etmələrini gözləməli idik. Lakin səhv etmədilər. Yüz faizlik qol epizodumuz olmurdu. Son saniyələrdə bizim əlimizə belə imkan düşdü və dəyərləndirdik. Ədalətli nəticə heç-heçə olardı. Ancaq futbolda səhvlər olur və bundan istifadə edən komanda qalib gəlir".

Gənc baş məşqçi turnir cədvəlinə başçılıq etmələrinə münasibət bildirib: "Futbolda psixoloji problemlər hər zaman olur. Uğursuzluq aqressivliyə, uğurlu nəticə isə eyforiyaya səbəb ola bilər. Rəqiblərimizdən yalnız bir neçə xal öndəyik. Belədə hansısa eyforiyadan söhbət gedə bilməz".

Sadıqov cəbhə bölgəsində baş verənlərə də toxunub. O, torpaqlarımızın işğaldan azad ediləcəyinə inamının olduğunu deyib: "Bütün hissləri çatdırmaq olmur. Dövlətimizin və ordumuzun gücü sayəsində qələbəyə doğru irəliləyirik. Yaralılarımız və şəhidlərimiz var. Ailələrə səbr diləyirəm. Ümid edirəm ki, teziklə düşməni torpaqlarımızdan qovub Kəlbəcərdə, Laçında və Xankəndidə bayrağımızı sancacağıq. İnanıram ki, tezliklə hamımız sevinəcəyik".