08:59 05-10-2020
news_image
237
FUTBOL

“Sivasspor”la oyunlarda tribunaların 30 faizinin dolu olmasını istəyirik” – Əmrah Çəlikəl

“Sivasspor”a rəqib olmağımız bizi çox sevindirir”.

Apasport.az saytının məlumatına görə, bunu “Qarabağ”ın direktoru Əmrah Çəlikəl Avropa Liqasının qrup mərhələsində Türkiyə klubu “Sivasspor”a rəqib olmalarına münasibət bildirərkən deyib.

Türkiyə mətbuatına danışan klub rəsmisi püşkün nəticəsindən razılıq bildirib. O, Super Liqa təmsilçisi ilə matçlarda azarkeşlərin tribunalara cəlb olunmasını arzuladıqlarını vurğulayıb: “İki qardaş ölkənin iki qardaş komandası üz-üzə gələcək. Yaşanan hadisələr səbəbindən belə bir oyun bizə motivasiya verəcək. Çox istərdik ki, həm Bakıda, həm də Sivasda tribunaların 30 faizi dolsun. Amma təbii ki, sağlamlıq hər şeydən öndə gəlir. Futbol azarkeş üçün oynanılır. Çempionatda ehtiyatda bir oyunumuz var və 6-cı pillədə qərarlaşmışıq. Hədəfimiz son 7 mövsüm olduğu kimi, yenə çempion olmaqdır”.

Qeyd edək ki, “Qarabağ” İ qrupunda “Sivasspor”la yanaşı, “Vilyarreal” (İspaniya) və “Makkabi” (Təl-Əviv, İsrail) ilə qarşılaşacaq. Türkiyə klubu ilə oyunlar III və IV tura təsadüf edəcək.