09:45 05-10-2020
news_image
104
FUTBOL

“Bakıda sizə özünüzü evinizdəki kimi hiss etdirirlər” - “Səbail”in qapıçısı

“Azərbaycana uyğunlaşmağa çalışıram. Burada hər şey ürəyimcədir”.

Apasport.az saytının məlumatına görə, bunu “Səbail”in qapıçısı Nikolas Hagen deyib.

Ölkəsinin mətbuatına açıqlama verən Qvatemala millisinin qolkiperi Bakıda gördüklərindən razılıq bildirib. 24 yaşlı oyunçu yerli insanların mehribanlığını xüsusi vurğulayıb: “Bakıda müxtəlif ölkələrdən fərqli mədəniyyətə malik insanlar mövcuddur. Burada hər şeydən bir az var. Buranın insanları çox istiqanlı, mehribandırlar. Sizə özünüzü evinizdəki kimi hiss etdirirlər. Sanki illərdir bu ailənin bir parçasısan. Harada olmağından asılı olmayaraq hamı ilk gündən çox səmimidir və kömək etməyə çalışır”.

Qeyd edək ki, Hagen “Səbail”in heyətində meydana çıxdığı 3 oyunda 5 qol buraxıb. 4 oyunda 3 xal toplayan paytaxt təmsilçisi hazırda turnir cədvəlinin sonuncu – 8-ci pilləsində qərarlaşır.