15:26 05-10-2020
news_image
147
FUTBOL

Azərbaycan - Kipr oyunu ilə bağlı danışıqlar davam edir

Millətlər Liqasının Azərbaycan – Kipr oyununun harada keçirilməsi ilə bağlı qərar sabah veriləcək.

Apasport.az saytının məlumatına görə, bunu AFFA açıqlayıb.

Assosiasiyadan UEFA-ya ünvanlanmış məktubda, dəfələrlə telefon danışıqlarında bildirilib ki, AFFA və təşkilati işlərdə bu və ya digər şəkildə iştirak edən dövlət qurumları oyunun Bakıda təhlükəsizliyin tam təmin olunması zəmanəti ilə keçirilməsinə hazırdır. 

Lakin o da qeyd olunub ki, Ermənistan silahlı qüvvələrinin sentyabrın 27-dən etibarən ölkəmizə qarşı həyata keçirdiyi təxribatlar, xüsusilə son 48 saat ərzində Dağlıq Qarabağdan və işğal olunmuş digər rayonlarımızdan məsafə baxımından xeyli uzaqda yerləşən Gəncə və Mingəçevir şəhərlərinin, Xızı və Abşeron rayonlarının artilleriya və raket qurğularından atəşə tutulması, Tərtər, Goranboy, Beyləqan, Bərdə və digər yaşayış məntəqələrimizdə mülki əhalinin hədəfə alınması, dinc sakinlər arasında ölən və yaralananların olması Ermənistan tərəfindən beynəlxalq hüquq normalarına riayət olunmamasının bariz sübutudur. AFFA beynəlxalq oyunun keçirilməsi üçün daxili təhlükəsizliyə tam zəmanət versə də, xarici aqressiya və terror xarakterli davranışlar hər hansı şəkildə belə zəmanətin verilməsini çətinləşdirir.

AFFA tərəfindən təqdim olunmuş məlumatları nəzərə alaraq, UEFA oktyabrın 6-da Azərbaycan – Kipr oyununun keçiriləcəyi məkanla bağlı yekun qərarını açıqlayacaq.