09:20 06-10-2020
news_image
177
FUTBOL

“Azərbaycanla qarşılaşmada 1-ci yerin taleyini həll edəcəyik” – monteneqrolu qapıçı

“Millətlər Liqasına əla başladıq. İndi qarşıda Azərbaycan və Lüksemburqla iki vacib oyun var”. 

Apasport.az saytının məlumatına görə, bunu Monteneqro millisinin futbolçusu Daniyel Petkoviç deyib.

Fransanın “Anje” klubunda çıxış edən qapıçı yığmasının oktyabrda keçiriləcək üç oyunu barədə fikirlərini açıqlayıb. O, Millətlər Liqasının Azərbaycan və Lüksemburqla görüşləri barədə iddialı danışıb: “Üstünlük bizim tərəfimizdədir. Çünki evdə oynayırıq. Ümid edirəm ki, bu qarşılaşmalarda 1-ci yerin taleyini həll edəcəyik. İlk növbədə isə sağlamlığımız qaydasında olacaq. Çünki hazırda koronavirusla bağlı durum ölkəmizdə yaxşı deyil”.

Klubunda heyətə düşməkdə çətinlik çəkən Petkoviç bu barədə də fikirlərini bölüşüb: “Təəssüf ki, yaxşı xəbərlər yoxdur. Başqa kluba keçəcəyimə ümid edirdim. Amma çətinliklər yarandı. Qış transfer dövrünə qədər gözləməli olacağam”.

Qapıçı Latviya ilə yoxlama oyununun rəsmi matçlar öncəsi faydalı olacağını düşünür: “Bu, yerli çempionatda oynayanlar üçün lazımdır. Biz də az da olsa da, meydana çıxa bilərik. Hesab edirəm ki, daxili çempionatdakılar buna layiq olduqlarını təsdiqləyəcək. Üç oyun olduğu üçün qrafik sıxdır. Amma heyətimiz də zəngindir”.