14:47 07-10-2020
news_image
209
FUTBOL

4 yerə 16 “adaxlı” – AVRO-2020-də

Sabah AVRO-2020-nin pley-off mərhələsinə start veriləcək.

Apasport.az saytının məlumatına görə, 2021-ci ilin yayına təxirə salınan final mərhələsinə son 4 vəsiqə uğrunda mübarizə aparan 16 komanda ilk sınağına çıxacaq.

4 yol üzrə yarışan 8 cüt yarımfinal matçlarında qüvvəsini sınayacaq. Bu matçlarda dörd gün sonra baş tutacaq final görüşlərinin iştirakçıları bəlli olacaq. Həmin qarşılaşmalar isə Avropanın 12 ölkəsində təşkil olunacaq həlledici mərhələyə vəsiqələrin sahiblərini müəyyənləşəcək.

Bu 16 komanda seçmə mərhələdə uğur qazana bilməyənlər arasında Millətlər Liqasında ən yaxşı nəticə göstərən millilərdir. D liqasında çıxış edən Azərbaycan yığması da pley-off şansına malik olsa da, Qurban Qurbanovun yetirmələri Kosovodakı həlledici görüşdə uduzaraq bu imkanı qaçırdı. Balkanlılar isə sabah D yolunda ilk matçına çıxacaq. Onların ilk rəqibi Şimali Makedoniya olacaq. Digər cütdə Gürcüstanla Belarus münasibətlərini aydınlaşdıracaq.

Həm yarımfinal, həm final qarşılaşmaları bir oyundan ibarət olacaq. A liqasında İslandiya və Bolqarıstan mübarizəyə evdə başlayacaq. Sonuncular mərhələ keçsə, finalı da doğma meydanda keçirəcək. Rumıniya İslandiyada, Macarıstan isə Bolqarıstanda uğur əldə etməyə çalışacaq.

B yolunda Bosniya və Herseqovina Şimali İrlandiyanı, Slovakiya isə İrlandiyanı mübarizədən kənarlaşdırmalıdır. Norveçlə Serbiya, həmçinin Şotlandiya ilə İsrailin dueli C yolu çərçivəsində təşkil olunacaq.

AVRO-2020-nin pley-off mərhələsi
Yarımfinal
8 oktyabr
A yolu
22:45. Bolqarıstan – Macarıstan
22:45. İslandiya – Rumıniya
B yolu
22:45. Bosniya və Herseqovina – Şimali İrlandiya
22:45. Slovakiya – İrlandiya
C yolu
22:45. Norveç – Serbiya
22:45. Şotlandiya – İsrail
D yolu
20:00. Gürcüstan – Belarus
22:45. Şimali Makedoniya – Kosovo

Final
12 oktyabr
A yolu
22:45. Bolqarıstan/Macarıstan – İslandiya/Rumıniya
B yolu
22:45. Bosniya və Herseqovina/Şimali İrlandiya – Slovakiya/İrlandiya
C yolu
*Norveç/Serbiya – Şotlandiya/İsrail
D yolu
20:00. Gürcüstan/Belarus - Şimali Makedoniya/Kosovo
Qeyd: * - oyunun saatı dəqiqləşməyib.