09:20 08-10-2020
news_image
102
FUTBOL

Qrizmann Zidanı keçdi - REKORDLAR

Milli komandaların iştirakı ilə keçirilən yoldaşlıq oyunları bir sıra maraqlı statistik məqamlarla əlamətdar olub.

Apasport.az saytının məlumatına görə, Avropa yığmalarının görüşlərində rekordlar da qeydə alınıb.

Roberto Mançini İtaliya millisinin baş məşqçisi kimi 15-ci qələbəsini qazanıb. 22 matçdan sonra onun qalibiyyət faizi 68-ə çatıb. Bu, İtaliya millisinin tarixində 20 və daha çox matça çıxan məşqçilər arasında mütləq rekorddur.

Serxio Ramos İspaniya millisinin tarixinə düşüb. Portuqaliya ilə görüşdə (0:0) şans qazanan 34 yaşlı müdafiəçi yığmada keçirdiyi dəqiqə sayını 13 min 336-ya çatdırıb. Bununla da Ramos İker Kasilyasın rekordunu qırıb.

Bu matçda İspaniyanın qollu oyunlar seriyası sona çatıb. AVRO-2016-nın 1/8 final görüşündən sonra ardıcıl 42 qarşılaşmada meydanı qolsuz tərk etməyən ispaniyalılar Portuqaliyanın qapısına yol tapmayıb. Bu, İspaniya millisinin tarixində rekord seriyadır.

Fransa millisinin futbolçusu Antuan Qrizmann Ukrayna ilə yoxlama (7:1) oyununda vurduğu qolla millidəki hesabını 32 topa çatdırıb. O, bununla da əfsanəvi Zinəddin Zidanı (31) arxada qoyaraq 5-ci pilləyə yüksəlib. Antuanın qol vurduğu görüşlərdə Fransa uduzmayıb.

Qrizmannın komanda yoldaşı Eduardo Kamavinqa 17 yaş 11 aylığında qol sevinci yaşayıb. O, son 106 ildə Fransa millisində qol vuran ən gənc oyunçudur.