10:16 08-10-2020
news_image
102
FUTBOL

Millimiz bərbad meydançada oynayacaq - monteneqrolu futbolçuların narazılığı

Millətlər Liqasının qrup mərhələsində Azərbaycan millisi ilə qarşılaşacaq Monteneqro yığması matçın keçiriləcəyi stadionun durumundan narazı qalıb.

Apasport.az saytının məlumatına görə, Latviya ilə (1:1) dünənki yoldaşlıq görüşündən sonra futbolçular Podqoritsadakı arenanın ot örtüyünün durumunu qabardıblar.

Son dəqiqələrdə bərabərlik qoluna imza atan yarımmüdafiəçi İqor İvanoviç məhz bu üzdən istədikləri oyunu ortaya qoya bilmədiklərini söyləyib: “Xəyalımdakı debüt qolunun reallaşmasına görə çox sevinirəm. Əsas odur ki, belə arenada heç kim zədələnmədi. Bərbad durumda olan meydançada oynamaq olduqca çətin idi. Topa nəzarət etmək mümkün olmurdu”.

Yığmada ilk matçını keçirən 30 yaşlı hücumameyilli futbolçu nəticənin onlar üçün müsbət olduğunu düşünür: “Rəsmi matçlardan əvvəl yoldaşlıq görüşündə uduzmamalıydıq. Bu baxımdan heç-heçə vacib idi. Azərbaycan və Lüksemburqla oyunlarda ilk dəqiqələrdən meydanda olmaq istəyirəm. Amma ot örtüyü ucbatından baş məşqçi potensialımın heç yarısını görə bilmədi”.

Qeyd edək ki, Monteneqro Millətlər Liqasında oktyabrın 10-da Azərbaycan, 13-də isə Lüksemburq yığmasını qəbul edəcək.