11:19 09-10-2020
news_image
177
FUTBOL

“Azərbaycanla oyunda arxayınlaşmışdıq” – “Arsenal”ın futbolçusu

“Ən vacibi 3 xal qazanmaq və yaxşı oynamaq idi. Birinci hissədə vurduğumuz qollar bizi qələbəyə daşıdı”.

Apasport.az saytının məlumatına görə, bunu Fransanın U-21 yığmasının futbolçusu Matteo Qenduzi Avropa çempionatının seçmə mərhələsində Lixtenşteynlə keçirilən oyunu dəyərləndirərkən deyib.

Azərbaycan millisinin yer aldığı 2-ci qrupda öz meydanında Lixtenşteyn üzərində 5:0 hesablı qələbə qazanan fransızlar xallarının sayını (18) İsveçrə ilə bərabərləşdirib. Müqavilə ilə “Arsenal”a məxsus olan və yenicə “Herta”ya icarəyə verilən 21 yaşlı orta sahə oyunçusu komandasının çıxışından razı qalmayıb.

Qenduzi sentyabrın 7-də Sumqayıtda Azərbaycan yığması üzərində qazanılan 2:1 hesablı qələbəyə də toxunub: “Lixtenşteynlə matçın ikinci hissəsini aşağı səviyyədə keçirdik. Azərbaycan və Gürcüstana qarşı son oyunlarda da belə olmuşdu. Həmin qarşılaşmalarda da ilk hissəni yaxşı keçirmiş, fasilədən sonra arxayınlaşmışdıq. Bu isə yaxşı hal deyil. Bu dəfə 5 qoldan dördünü birinci hissədə vurduq. Bunları unudub Slovakiya ilə oktyabrın 12-də keçirəcəyimiz görüşə hazırlaşmalıyıq”.

Qeyd edək ki, Fransa ilə Azərbaycan yığmaları arasında qrup mərhələsində keçirilən hər iki oyunda rəqib qələbə qazanıb (5:0, 2:1).