17:03 09-10-2020
news_image
95
FUTBOL

"Azərbaycanla matça sanki dünya çempionları ilə oynayırıq kimi yanaşırıq" - Faruk Hadzibeqiç

“Sabah Azərbaycana məğlub olsaq üç komandanın aktivində 6 xal ola bilər. Bunu isə heç vaxt istəmərəm”.

Apasport.az saytının məlumatına görə, bunu Monteneqro yığmasının baş məşqçisi Faruk Hadzibeqiç Millətlər Liqasının qrup mərhələsində sabah Azərbaycanla keçiriləcək oyun barədə danışarkən deyib.

63 yaşlı mütəxəssis bu gün təşkil edilən mətbuat konfransında fikirlərini bölüşüb: “Komandamın indiyə qədər göstərdiyi oyun məni qane edir. Riyazi baxımdan birinci pilləni təmin etmədiyimiz müddətdə fikrimi dəyişməyəcəyəm. Azərbaycanla matça sanki dünya çempionları ilə oynayırıq kimi yanaşırıq. Rəqib arzuolunmaz komandadır. Lüksemburqa evdə məğlub oldular, ancaq azlıqda qaldıqları vaxt qol vurdular”.

Komandanın aparıcı futbolçularıından olan müdafiəçi Stefan Saviçin cəza səbəbindən iştirak etməcəyini xatırladan Hadzibeqiç bütün oyunçulara eyni şəkildə güvəndiyini bildirib: “Saviçin yoxluğu ciddi itkidir. Ancaq komandamızda başqa yaxşı oyunçular da var. Saviç liderlik bacarığına malik oyunçudur. Ümid edirəm ki, sabah meydanda yoxluğunu hiss etməyəcəyik”.

Hadzibeqiç 2010-cu ildə yoldaşlıq görüşündə yığmamız üzərində qazandıqları 2:0 hesablı qələbədən xəbərdar olduğunu da bildirib: “Həmin oyun haqda danışdıq, amma bu, uzaq keçmişdə olub. Bizim üçün vacib olan gələcəkdir və müsbət dinamika yaratmaqdır. Azərbaycanın hələ də hər kəs üçün, o cümlədən bizim üçün problem yaratmaq gücünə sahib olduğunu bilirik. Onları ciddi qəbul etməliyik. Komandada atmosfer yaxşıdır, uşaqlarda böyük istək var. Amma ehtiyatlı olmaq lazımdır. Çünki B liqasına vəsiqəni təmin edənə qədər hər şey mümkündür”.