10:23 10-10-2020
news_image
132
FUTBOL

80-ci qola doğru - 135-ci matçda

Bu gün Azərbaycan millisi növbəti oyununu keçirəcək.
 
Apasport.az saytının məlumatına görə, Millətlər Liqasının III turunun Monteneqro ilə matçı yığmanın tarixində 259-cu qarşılaşma olacaq.
 
İlk görüşünü 1992-ci il sentyabrın 17-də Gürcüani şəhərində Gürcüstan yığmasına qarşı oynayıb, 3:6 hesabı ilə uduzan komandamız indiyədək 258 matça çıxıb. Hesabında 50 qələbə və 69 heç-heçə olan yığma 139 dəfə uduzub.
Podqoritsa şəhər stadionundakı qarşılaşmada 70-ci heç-heçə qeydə alına bilər. Məğlubiyyət isə sayca 140-cı olacaq. Əvvəlki 258 qarşılaşmada 194 qol vuran futbolçularımız 434 top buraxıb.
 
Monteneqro ilə qarşılaşma rəsmi turnirlərdə 135-ci matç olacaq. Dünya və Avropa çempionatlarının seçmə mərhələləri və Millətlər Liqasında 134 oyuna çıxan komanda 16 qələbə qazanıb, 27 heç-heçə edib və 91 dəfə uduzub. Rəqib qapılarına 79 qol vuran futbolçularımız yubiley – 80-ci topun astanasındadır. Son iki görüşdə meydanı qolsuz tərk etməyən milli seriyanı davam etdirsə, buna nail olacaq. Yığmamız indiyədək 277 qol buraxıb.
 
Millətlər Liqasında 9-cu dəfə meydana çıxacaq yığma indiyədək 3 qələbə qazanıb, 3 heç-heçə edib və 2 dəfə uduzub. Milli 9 qol vurub, 8-ni buraxıb.
 
Bu, millimizin 2020-ci ildə 3-cü sınağı olacaq. Lüksemburqa 1:2 hesabı ilə uduzub, Kipri 1 qolla yenən yığmamız italiyalı baş məşqçi Canni de Byazi ilə 1 qələbə qazanıb və 1 dəfə məğlub olub. Bu görüşlərdə top fərqində də tarazlıqdır – 2:2.
 
Qeyd edək ki, Podqoritsa şəhər stadionundakı Monteneqro – Azərbaycan matçı Bakı vaxtı ilə saat 17:00-də başlayacaq.