
Danimarkanın “Kopenhagen” klubu baş məşqçisi Stole Solbakkeni istefaya göndərib.
Apasport.az saytının məlumatına görə, 52 yaşlı mütəxəssis uğursuz nəticələr üzündən postundan kənarlaşdırılıb.
Buna cari mövsümdəki uğursuzluqlar səbəb olub. 2006-11 və 2013-2020-ci illərdə rəhbərlik etdiyi klubla 8 dəfə Danimarka çempionu, 4 dəfə ölkə kubokunun qalibi olması və ötən mövsüm Avropa Liqasının 1/4 finalına çıxması kimi nailiyyətlər də Solbakkeni xilas edə bilməyib.
Superliqanın 2020/21 mövsümündə 4 oyunda cəmi 4 xal toplayaraq 9-cu pillədə olan “Kopenhagen”in bu durumu və xüsusilə də Avropa Liqası ilə vidalaşması klub rəhbərliyinin səbir kasasını daşırıb.
Qeyd edək ki, danimarkalılar Avropa Liqasının pley-offunda Xorvatiya “Riyeka”sına 0:1 hesabı ilə uduzub.