13:00 11-10-2020
news_image
169
FUTBOL

“Qarabağ”ın yer aldığı qrupun şanslısını açıqladı – “Sivasspor”un hücumçusu

“Qrupumuzun favoriti şübhəsiz ki, “Vilyarreal”dır. Onlar güclü heyətə malikdir”.

Apasport.az saytının məlumatına görə, bunu Türkiyənin “Sivasspor” klubunun hücumçusu Aruna Kone Avropa Liqasında yer aldıqları İ qrupunu dəyərləndirərkən deyib.

Qrupda “Vilyarreal” (İspaniya), “Qarabağ” (Azərbaycan) və “Makkabi”yə (Təl-Əviv, İsrail) rəqib olan Super Liqa təmsilçisinin Fil Dişi Sahilidən olan forvardı əsasən ispanların gücünü qabardıb: “Vilyarreal”ın Daniel Parexo, Pako Alkaser, Karlos Bakka kimi yüksək səviyyəli oyunçuları var. Unay Emerinin rəhbərliyi altında ötən mövsümdəkindən daha güclüdürlər. Xüsusən də, Bakka istənilən matçın taleyini həll edə bilər”.

37 yaşlı futbolçu növbəti mərhələyə digər şanslı komandanın məhz “Sivasspor” olduğunu düşünür: “Vilyarreal”la bərabər bizim də qrup səddini aşacaq potensialda komandamız var. İlk dəfə Avropa Liqasında çıxış edəcəyik və bu yarışda sona qədər mübarizə aparacağıq”.

Qeyd edək ki, “Sivasspor” qrupda ilk oyununu oktyabrın 22-də səfərdə “Vilyarreal”a qarşı keçirəcək. “Qarabağ” isə həmin gün Təl-Əvivdə “Makkabi”nin qonağı olacaq.