09:27 12-10-2020
news_image
84
FUTBOL

“Meydança yaxşı olsaydı, Azərbaycana daha çox qol vurardıq” – monteneqrolu qapıçı

“Əvvəlki iki oyunda olduğu kimi, Azərbaycanı da qol buraxmadan məğlub etdik. Bu da bizi ruhlandırır”.

Apasport.az saytının məlumatına görə, bunu Monteneqro yığmasının qapıçısı Milan Miyatoviç Millətlər Liqasının qrup mərhələsində Azərbaycan üzərində qazanılan 2:0 hesablı qələbə barədə danışarkən deyib.

33 yaşlı qolkiper Podqoritsadakı qarşılaşmada qol buraxmamağın önəmindən bəhs edib. O, kollektiv oyun sərgilədiklərini və qələbədə hamının töhfəsi olduğunu vurğulayıb: “Rəqibin həmlələrinə doğru reaksiya göstərdiyimiz üçün Lüksemburqla matçda olduğu kimi, yenə son dəqiqədə qol vurduq. Ardıcıl qələbələr komandanın əhval-ruhiyyəsini artırır. Azərbaycanla matça yaxşı qoşulduq, uğurlu başlanğıcla qol da vurduq. Qol buraxmadan qazanılan qələbə futbolçuda inamı artırır. Ancaq bizim üçün final xarakterli oyun Lüksemburqa qarşı olacaq. Onlar güclü rəqib olduqlarını ilk görüşdə sübut ediblər”.

Macarıstanın MTK klubunun formasını geyinən Miyatoviç hədəflərinin qrupu xal itirmədən tamamlamaq olduğunu əlavə edib: “Azərbaycan qapımıza bir dəfə də olsun zərbə vura bilmədi. Bu da kifayət qədər sərt və yaxşı oynadığımızı göstərir. Əgər meydançanın durumu, şərtlər yaxşı olsaydı, şübhəsiz ki, daha çox qol vurardıq. İnanıram ki, qrupu 6 qələbə ilə başa vurarıq, üstəlik, qol buraxmadan”.