13:32 12-10-2020
news_image
186
FUTBOL

Autsayderlərin dueli – Albaniyada

Sabah Millətlər Liqasında II dövrəyə start veriləcək.

Apasport.az saytının məlumatına görə, Azərbaycan millisi IV turda Kiprlə qarşılaşacaq.

C liqasının 1-ci qrupunun qarşılaşması Albaniyada keçiriləcək. Bu görüş qrupun autsayderlərinin dueli hesab olunur.

Keçirdiyi bütün qarşılaşmalarda uduzan Kipr yığması qola da həsrətdir. Sonuncu sırada qərarlaşan rəqib D liqasına yuvarlanmamaq təhlükəsindən uzaqlaşmaq üçün millimizi büdrətməyə köklənib.

Yeganə qələbəsini Kiprlə səfər matçında əldə edən Canni de Byazinin yetirmələri ilk ev uğurunu da eyni rəqiblə dueldə qazanmaq əzmindədir. Hərçənd millimiz ev oyununu vətəndən kənarda keçirmək məcburiyyətindədir. Buna səbəb Ermənistan silahlı qüvvələrinin sentyabrın 27-dən etibarən ölkəmizə qarşı həyata keçirdiyi təxribatlardır. Düşmənin Dağlıq Qarabağdan və işğal olunmuş digər rayonlarımızdan məsafə baxımından xeyli uzaqda yerləşən Gəncə və Mingəçevir şəhərlərini, Xızı və Abşeron rayonlarının artilleriya və raket qurğularından atəşə tutması, Tərtər, Goranboy, Beyləqan, Bərdə və digər yaşayış məntəqələrimizdə mülki əhalinin hədəfə alınması, dinc sakinlər arasında ölən və yaralananların olması səbəbindən qarşılaşma Albaniyada baş tutacaq.

Komandamız Albaniyanın Elbasan şəhərindəki “Elbasan Arena”dakı matça qara sarğı ilə çıxacaq. Bu, Ermənistan silahlı qüvvələri tərəfindən respublikamızın müxtəlif şəhərlərinin və digər yaşayış məntəqələrinin atəşə tutulması nəticəsində dünyasını dəyişmiş mülki şəxslərin, dinc sakinlərin xatirəsinə ehtiram əlaməti olaraq gerçəkləşəcək.

Autsayderlə qarşılaşmada əldə olunacaq 3 xal böyük ölçüdə sonuncu yeri tutmamaq anlamına gələ bilər. Qələbə sayəsində millimiz 1-ci yerə nəzəri şanslarını da qoruyacaq. Hərçənd bu, təkcə yığmamızın özündən asılı deyil. Millimiz II dövrədə xal itirməsə belə, digər qarşılaşmalarda münasib nəticələrə ümid etməlidir.

Qeyd edək ki, xorvatiyalı Fran Yoviçin baş hakimi olduğu Azərbaycan – Kipr matçı Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Millətlər Liqası
C liqası, IV tur
13 oktyabr
20:00. Azərbaycan – Kipr
Baş hakim:
Fran Yoviç (Xorvatiya)
Elbasan (Albaniya). “Elbasan Arena”

1

Monteneqro

3

3

0

0

5-0

9

2

Lüksemburq

3

2

0

1

4-2

6

3

Azərbaycan

3

1

0

2

2-4

3

4

Kipr

3

0

0

3

0-5

0