10:31 14-10-2020
news_image
375
FUTBOL

“Azərbaycanla oyundan sonra bunu həzm etmək çətindir” - Miyatoviç

“Yenidən qələbə yoluna dönmək lazımdır. Nə qədər çətin görünsə də, ümidi itirmək olmaz”.

Apasport.az saytının məlumatına görə, bunu Monteneqro yığmasının qapıçısı Milan Miyatoviç Millətlər Liqasının IV turunda Lüksemburqla keçirilən oyun haqda danışarkən deyib.

Podqoritsadakı görüşdə rəqibinə 1:2 hesabı ilə məğlub olan monteneqrolular liderliyi əldən veriblər. Miyatoviç oktyabrın 10-da Azərbaycan üzərindəki qələbədən (2:0) sonra uduzmağın onlara pis təsir etdiyini söyləyib: “Azərbaycan üzərindəki qələbədən və liderlikdən sonra məğlubiyyəti həzm etmək çətindir. Meydançanın durumunun da təsiri oldu. Ancaq Lüksemburq güclü komanda olduğunu sübut etdi. Səhvlərimizdən istifadə edib qalib gəldilər”.

33 yaşlı qolkiper noyabrda Azərbaycan və Kiprlə keçiriləcək qrupun son görüşləri barədə də fikir bildirib: “Son iki turda məğlub psixologiyasından qurtulmalıyıq. Qalibiyyət ritminə dönmək vacibdir. Azərbaycan və Kiprlə matçda 6 xal toplamaq, Lüksemburqun da büdrəməsinə ümid etmək qalır. Düşünürəm ki, özümüzə gəlmək üçün hələ vaxtımız var”.

Qeyd edək ki, noyabrın 14-də Azərbaycan yığmasının qonağı olacaq monteneqrolular bundan üç gün sonra Kipri qəbul edəcək.