11:43 14-10-2020
news_image
141
FUTBOL

“Baş verənlər komandamızın hazırlıq planına qətiyyən təsir etməyib” – “Kəpəz” rəsmisi

“Bu hadisənin adı terrordur, erməni terroru. Klubun üzvləri olaraq hadisə yerinə baş çəkmişik, dəhşətli mənzərəni öz gözlərimizlə görmüşük. Bu, insanlıq əleyhinə yönələn ən böyük cinayətlərdən biridir”.

Apasport.az saytının məlumatına görə, bunu “Kəpəz” klubunun icraçı direktoru İlqar Nadiri deyib.

Klubun mətbuat xidmətinə açıqlama verən Nadiri Ermənistan silahlı qüvvələrinin Gəncəyə raket atışı nəticəsində yaşanan faciə barədə danışıb. O bildirib ki, cəbhədə Azərbaycan Ordusuna gücü çatmayan düşmən dinc əhalini hədəfə almaqla nəyəsə nail olmaq istəyir: “Amma məqsədlərinə çata bilməyəcəklər. Azərbaycanlıları belə şeylərlə qorxutmaq olmaz. Əksinə, Gəncədəki partlayış xalqımızın mübarizə əzmini, əsgərlərimizin döyüş ruhunu daha da artırdı. Gəncə məğrur dayanıb”.

Gəncədəki partlayışdan şəhər stadionu da zərər görüb. Arenanın inzibati binasında qapı və pəncərələrin çərçivələri yerindən çıxıb, şüşələr qırılıb. 

“Bazada qalan futbolçularımız var, xoşbəxtlikdən xəsarət almayıblar. Heç qorxmayıblar da. Ümumiyyətlə, baş verənlər komandamızın hazırlıq planına qətiyyən təsir etməyib. Məşqlər davam edir, uşaqlar oyunlara hazırlaşırlar. Məşqlərimiz açıq havadadır, heç nədən də çəkinmirik, hamı işinin başındadır”, - deyə Nadiri bildirib.

Klub rəsmisi cəbhədə Azərbaycan Ordusunun zəfər yürüşünün komandaya müsbət formada təsir etdiyini, futbolçulara ruh yüksəkliyi verdiyini bildirib: “Hamının fikri cəbhədədir. Bu gün klubda çalışsaq da, sabah döyüşlərə atılmağa hazırıq. Bu müharibə tezliklə Azərbaycan Ordusunun şanlı qələbəsi ilə başa çatacaq. Hamımız buna inanırıq. Cəbhədən gələn şad xəbərlər əhval-ruhiyyəmizi yüksəldib. İdman sahəsi elədir ki, həmişə udub-uduzmaq var, buna görə bəzən azarkeşləri sevindirmək olmur. Amma Ordumuz bir qayda olaraq bizi yalnız qələbələrlə sevindirir. Ən böyük qələbəmiz də elə əsgərlərimizin qələbəsi olacaq”.