17:42 14-10-2020
news_image
121
FUTBOL

“Qarabağ”la oyunu buraxa bilər – Qabon millisinin üzvü

“Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan Türkiyə klubu “Sivasspor”da zədəli futbolçu Aaron Appindanqoyenin durumuna aydınlıq gəlib.

Apasport.az saytının məlumatına görə, mövsümün startı ərəfəsində zədələnən 28 yaşlı mərkəz müdafiəçisi bu həftədən fərdi məşqlərə başlayıb. 

Kollektivdən ayrı fizioterapevt nəzarətində çalışan Qabon millisinin üzvü hələ bir müddət komandasına kömək edə bilməyəcək. Klubun həkimləri baş məşqçi Rıza Çalımbayın təxminən 3-4 həftə sonra Appindanqoyenin xidmətindən yararlana biləcəyini açıqlayıb.

Bu isə o deməkdir ki, Avropa Liqasının III turunda “Qarabağ”la noyabrın 5-də Sivasda keçiriləcək matçda futbolçunun iştirakı sual altına düşüb. “Vilyarreal” (İspaniya – 22 oktyabr) və “Makkabi” (Təl-Əviv, İsrail – 29 oktyabr) ilə görüşləri buraxacaq müdafiəçi böyük ehtimalla “Qarabağ”la ilk qarşılaşmada da iştirak edə bilməyəcək.

Qeyd edək ki, “Sivasspor”la “Qarabağ” arasında ikinci oyun IV tur çərçivəsində noyabrın 26-da Bakıda keçiriləcək.