15:01 15-10-2020
news_image
80
FUTBOL

Liqalara start verir - AFFA

Oktyabrın 17-dən etibarən AFFA-nın təşkil etdiyi aşağı yaş qrupu üzrə liqaların başlanılması planlaşdırılır.

Apasport.az xəbər verir ki, bu barədə qurum rəsmi saytı vasitəsilə məlumat yayıb.

Bildirilib ki, həm cəbhə xəttində baş verən hadisələr, həm də karantin qaydaları ilə əlaqədar olaraq, liqaların keçirilmə günləri və yerlərində müvəqqəti dəyişikliklər edilib.

U-10, U-11, U-12, U-13, U-14 Liqaları
Bakı, Lənkəran zonası
– Ölkəmizdə tətbiq olunan karantin qaydalarına uyğun olaraq, həftəsonu ictimai nəqliyyatın hərəkətinə qoyulan qadağa ilə əlaqədar oyunlar həftə sonu deyil, həftəiçi təşkil olunacaq. Matçlar Fövqəladə Hallar Nazirliyinin Hövsan qəsəbəsindəki İdman Kompleksində təşkil olunacaq. İlk turun oyunları 19-20 oktyabr tarixlərində keçiriləcək. Qarşılaşmaların keçirilmə günləri Operativ Qərargahın həftəsonu ictimai nəqliyyatın hərəkətinin qadağası qüvvədə olduğu müddətə aiddir. Operativ Qərargahın qərarında hər hansı dəyişiklik olacağı təqdirdə, oyunlar yenidən şənbə və bazar günlərinə keçiriləcək.

Sumqayıt, Siyəzən, Cəlilabad, Ağsu, Qəbələ, Zaqatala zonaları – Bu zonalarda oyunlar öncəki illərdə olduğu kimi, şənbə və bazar günləri təşkil olunacaq. İlk görüşlər 17-18 oktyabr tarixlərində keçiriləcək.

Tovuz, Göygöl, Mingəçevir və Beyləqan zonaları – Ermənistan hərbi birləşmələrinin mülkü əhaləmizi atəşə tutması, həmçinin cəbhədə olan gərginliklə əlaqədar olaraq, yuxarıda qeyd olunan zonaların aid olduğu şəhər və rayonlarda gərginlik aradan qalxana qədər oyunların təşkili dayandırılır.

U-15, U-16, U-17, Gənclər Liqası (U-19)
Operativ Qərargahın həftəsonu ictimai nəqliyyatın hərəkətinin qadağası qüvvədə olduğu müddətdə bu liqalarda oyunlar həftənin cümə axşamı və cümə günləri təşkil olunacaq. Operativ Qərargahın qərarında hər hansı dəyişiklik olacağı təqdirdə, matçlar yenidən şənbə və bazar günlərinə keçiriləcək. İlk turun görüşləri oktyabrın 22-23-də təşkil olunacaq.