10:10 16-10-2020
news_image
169
FUTBOL

İki oyunda iki xal və iki pillə - FİFA reytinqində

Milli komandaların FİFA reytinqi ilə bağlı təxmini cədvəl açıqlanıb.

Apasport.az saytının məlumatına görə, oktyabrın 22-də rəsmən dərc olunacaq siyahıda bir sıra dəyişikliklər gözlənilir.

Buna yığmaların oktyabrda keçirdiyi rəsmi və yoxlama oyunları səbəb olub. Ehtimallar cədvəlinə əsasən Azərbaycan millisinin də mövqeyi dəyişəcək.

Millətlər Liqasının C liqasının 1-ci qrupunda Monteneqroya 0:2 hesabı ilə uduzan, ardınca Kiprlə qolsuz heç-heçə edən yığmamız bu uğursuzluqlar üzündən geriləyəcək. İki görüş Canni de Byazinin yetirmələrinin 2 xal itirməsi ilə nəticələnib. Hesabında 1175 xal olacaq yığmamız 114-cü sırada yer alacaq. Bu, ötən ayla müqayisədə 2 pilləlik geriləmə deməkdir. Millimiz Niger və Tailandı özündən qabağa buraxacaq.

Qardaş Türkiyə millisi də geriləyəcək. Rusiya (1:1) və Serbiya (2:2) ilə heç-heçələri sıralayan Şenol Günəşin yetirmələri 1486 xalla 33-cü olacaq. Bir pillə geriləyəcək “ay-ulduzlular”ı Əlcəzair keçib.

Qeyd edək ki, ilk üç pillədə dəyişiklik gözlənilmir. Belçika (1765), Fransa (1752) və Braziliya (1725) mövqelərini qoruyacaq.