13:34 23-07-2008
news_image
461
STOLÜSTÜ OYUNLAR

Teymur Rəcəbov 300 min avro mükafat fondu olan beynəlxalq turnirdə mübarizəyə başlayır

Bakı. Aqşin Əliyev - APA-Sport. İyulun 31-də Rusiyanın Soçi şəhərində Beynəlxalq Şahmat Federasiyasının təşkil etdiyi Qran-Pri turnirinin ikinci mərhələsi start götürəcək. “APA-Sport” agentliyinin məlumatına görə, yarışda Azərbaycanın şərəfini 2 idmançı qoruyacaq. Bunlar Teymur Rəcəbovla Vüqar Həşimovdur. Ümumi mükafat fondu 300 min avro olan turnirdə 14 şahmatçı dairəvi sistem üzrə oynayacaqlar. Həmyerlilərimizlə yanaşı, yarışa Vasili İvançuk, Sergey Karyakin (hər ikisi Ukrayna), Pyotr Svidler, Aleksandr Qrişuk, Dmitri Yakovenko (hamısı Rusiya), Van Yue (Çin), İvan Çeparinov (Bolqarıstan), David Navara (Çexiya), Məhəmməd Əl-Modiyahi (Qətər), Qata Kamski (ABŞ), Boris Qelfand (İsrail) və Levon Aronyan (Ermənistan) qatılacaqlar. Turnirə avqustun 14-də yekun vurulacaq.
Qeyd edək ki, Qran-Prinin ilk mərhələsi bu ilin yazında Bakıda keçirilib. Həmin yarışda çıxış edən Vüqar Həşimov 1-ci, Şəhriyar Məmmədyarov 4-5-ci, Teymur Rəcəbov isə 8-10-cu pillələrdə qərarlaşıb.