14:22 19-10-2020
news_image
209
FUTBOL

“Neftçi”nin yeni transferi: “Qorxmağa əsas yoxdur” - MÜSAHİBƏ

“Neftçi”nin yeni transferi Bruno Teluşi ölkəsi Albaniya mətbuatına müsahibə verib.

Apasport.az saytının məlumatına görə, 30 yaşlı dayaq yarımmüdafiəçisi Bakı klubuna keçidinin necə baş tutduğundan danışıb.

Dağlıq Qarabağda baş verən hadisələrə də toxunan Teluşi özünü ölkəmizdə rahat hiss etdiyini söyləyib.

- “Partizani”dən “Kukesi”yə keçdikdən az sonra “Neftçi”yə üz tutdunuz. Bu necə baş verdi?
- Açığı, “Partizani”ni gözləyirdim. Sonra “Kukesi”dən təklif gəldi, israrlı olduqlarını görüb anlaşdım. “Neftçi”nin təklifini isə gözləmirdim. Onlarla danışıq prosesi gözlədiyimdən də sürətli alındı. Yeni macəraya başlamağa artıq hazıram.

- “Kukesi”ni bu keçidə necə razı saldınız? Müqavilədə ayrılmağınızla bağlı maddə var idi?
- “Kukesi” ilə sürətli həll yolu tapdıq. Bəli, müqavilədə belə bir bənd var idi. “Kukesi” mənə heç bir maneçilik törətmədi, əksinə, vəziyyəti daha da asanlaşdırdı.

- Azərbaycanda müharibə şəraitidir. Bu sizi qorxutmur?
- Düzdür, Dağlıq Qarabağda müharibə şəraiti hökm sürür. Lakin indiki vəziyyət məni qətiyyən narahat etmir, qorxmağa əsas yoxdur. 

- Albaniyadan tam fərqli bir mühitə uyğunlaşa biləcəksinizmi?
- Hər bir futbolçu xaricdə macəra yaşamaq istəyir. Böyük addım atmaq və özünüzü göstərmək üçün bir fürsətdir. Mənim də istəyim budur. Buna görə özümü xoşbəxt hiss edirəm. Karyeramda irəliləmək şansım var. Yaxşı kluba gəldiyim üçün burada hər şey ürəyimcədir.