09:12 20-10-2020
news_image
135
FUTBOL

“Qarabağ”la oyunu buraxacağı dəqiqləşdi – “Vilyarreal”da 3-cü itki

“Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən “Vilyarreal” daha bir itki ilə üzləşib.

Apasport.az saytının məlumatına görə, İspaniya La Liqasının VI turunda “Valensiya” ilə qarşılaşmada zədələnən yarımmüdafiəçi Daniel Parexonun durumuna aydınlıq gəlib.

“Vilyarreal”ın 2:1 hesabı ilə qalib gəldiyi matçın son dəqiqəsində zədələnərək əvəzlənən 31 yaşlı orta sahə oyunçusunun təxminən bir ay yaşıl meydanlardan uzaq qalacağı müəyyənləşib. “Marca” nəşri Parexonun noyabrın ortalarında kollektivə qoşulacağını yazıb. Bu isə o deməkdir ki, ulduz futbolçu La Liqa oyunları ilə yanaşı, Avropa Liqasının da ilk 3 görüşünü buraxacaq.

Parexo II tur çərçivəsində “Qarabağ”la oktyabrın 29-dakı qarşılaşmanı buraxacaq yeganə oyunçu deyil. Pervis Estupinyan və Jerar Moreno da Bakıdakı oyunda baş məşqçi Unay Emerinin sərəncamında olmayacaq.

Qeyd edək ki, qrup mərhələsində ilk oyunlar oktyabrın 22-də keçiriləcək. “Vilyarreal” həmin gün “Sivasspor”u (Türkiyə) qəbul edəcəkcə, “Qarabağ” Təl-Əvivdə “Makkabi”nin (İsrail) qonağı olacaq.