14:58 20-10-2020
news_image
256
FUTBOL

“Böyük bonuslar almaq xəyal idi” – “Bakı”nın sabiq legionerindən etiraflar

“Azərbaycanda yaxşı təcrübə keçdim. Ora çempionatın ortalarında yollandım və komandanın ən yaxşı bombardiri oldum”.

Apasport.az saytının məlumatına görə, bunu “Bakı” klubunun sabiq futbolçusu Marius Pena Rumıniya mətbuatına açıqlamasında deyib.

Son olaraq 2018-ci ildə ölkəsində “Konkordiya”nın formasını geyinmiş 35 yaşlı keçmiş hücumçu “Bakı”da böyük məbləğdə pul qazandığını etiraf edib: “Ancaq təəssüf ki, sonradan orada maddi problemlər yaşandı. Altı ay çox böyük bonuslar almaq xəyal idi. 2012/13 mövsümündə pley-offlara görə 10 min, hər oyuna görə isə 5 min dollar aldım. Ölkə kubokunda 1/4 finala adlamağımız 10 min, yarımfinal mərhələsinə yüksəlməyimiz isə 15 min dollarlıq mükafat qazandırdı. Düşünürəm ki, finala çıxsaydıq, 30-40 min dollar alardıq”. 

Pena 2012/13 mövsümündə Azərbaycan kubokunun yarımfinal mərhələsində “Xəzər Lənkəran”la (1:0, 0:2) matçdan sonra “zolaqlılar”ın vitse-prezidenti Zeynal Məmmədovla mübahisə yaşadığını da söyləyib: “Finala vəsiqə şansını itirdikdən sonra vitse-prezidentlə mübahisəm düşdü. Onun bizə etdiklərini xatırlayıram. Mənə deyirdi ki, niyə cərimə meydanına girməmisən. Əsəbləşirdi və bizi danlayırdı”. 

Rumıniyalı “Bakı”ya keçid tarixçəsindən də bəhs edib. O, paytaxt klubuna transfer olunmasında “Football Manager” oyununun rolunun olduğunu bildirib: “Vüqar Hüseynzadə məşqçi deyildi. Amma qərarlar verir, məşqçiləri cəlb edirdi. Məni də kluba təqdim etdi. Onun “Football Manager”dəki komandasında idim. Sonradan axtarıb məni tapdı. Dedi ki, klub prezidenti ilə məni heyətə qatmaqla bağlı söhbət edib. Çünki onlara mənim kimi oyunçular lazım idi. Keçidim də belə baş tutdu”.

Qeyd edək ki, Marius Pena 2013-cü ilin yanvarından 2014-cü il mövsümün sonuna qədər “Bakı”nın formasını geyinib.