12:05 22-10-2020
news_image
86
FUTBOL

“Qarabağ" üçün Türkiyə variantının üzərində təkid edirik” – Elxan Məmmədov

“Qarabağ” klubunun Avropa Liqasında keçirəcəyi ev oyunu üçün alternativ ölkə seçimi ilə bağlı AFFA-nın UEFA ilə danışıqları davam edir”.

Bunu apasport.az saytına AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov deyib.

Assosiasiya rəsmisi bildirib ki, “Qarabağ”ın Avropa Liqasının qrup mərhələsində ev oyunlarını Türkiyədə davam etdirməsi üçün qitə futbol qurumuna təkid edirlər: “UEFA-nın əvvəlki tövsiyələri barədə ictimaiyyətə məlumat verilib. Danışıqlarda AFFA olaraq Türkiyə variantının üzərində təkid edirik. Apardığımız təhlillərə görə, oyunun Türkiyədə təşkil olunmasına icazə verilə bilər. Lakin UEFA tərəfindən hələ ki, yekun qərar qəbul olunmayıb. Ümid edirik ki, yaxın günlərdə UEFA qərarını açıqlayacaq və bizim təklifimiz qəbul olunacaq”.

Qeyd edək ki, İ qrupunda yer alan “Qarabağ” ilk ev oyununu oktyabrın 29-da İspaniya klubu “Vilyarreal”a qarşı keçirəcək. Azərbaycan çempionu bu gün Təl-Əvivdə İsrail təmsilçisi “Makkabi”nin qonağı olacaq.