15:18 22-10-2020
news_image
353
FUTBOL

Maksim Medvedevi gözləyir – Rəşad Sadıqov

Avropa Liqasının qrup mərhələsinin I turu “Qarabağ”ın futbolçusu Maksim Medvedev üçün əlamətdar ola bilər.

Apasport.az saytının məlumatına görə, bir müddət əvvəl zədədən əziyyət çəkən müdafiəçi meydana çıxsa, avrokuboklarda 100-cü oyununu keçirəcək.

31 yaşlı kapitan şans qazansa, bu yubiley Təl-Əviv “Makkabi”si ilə İsraildəki görüşdə gerçəkləşəcək. Avrokuboklarda yalnız bir komandanın şərəfini qoruyan Maksimin hesabında 99 matç var.

O, Çempionlar Liqasında 35, Avropa Liqasında 64 dəfə meydana çıxıb. Medvedev 99 qarşılaşmada 2 qol sevinci yaşayıb. Müdafiəçi bu müddətdə 22 sarı vərəqə ilə cəzalanıb.

Maksimin avrokuboklarda debütü 11 il öncə reallaşıb. O, Avropa Liqasının II təsnifat mərhələsinin “Rusenborq”la qarşılaşmasında şans qazanıb. 2009-cu il iyulun 16-da Norveçdə baş tutan qarşılaşmada qolsuz heç-heçə qeydə alınıb.

Qeyd edək ki, Medvedev Azərbaycan futbolu tarixində 100 və daha çox avrokubok matçı keçirən ikinci oyunçudur. Onadək yalnız Rəşad Sadıqov (“Neftçi”, “Qarabağ” və “Kayserispor”) buna nail olub.