22:41 23-10-2020
news_image
114
FUTBOL

35 zərbəyə 3 qol – yığmamız yenə uduzdu

Qadınlardan ibarət Azərbaycan yığması Avropa çempionatının seçmə qrup mərhələsində növbəti oyununa çıxıb.

Apasport.az saytının məlumatına görə, D qrupunda qərarlaşan komandamız səfərdə Polşaya 0:3 hesabı ilə məğlub olub.

Matçın statistikasına nəzər yetirsək, Siyasət Əsgərovun yetirmələrinin bu nəticəyə şükr etməli olduğunu görərik. Çünki polşalılar Varşavadakı qarşılaşma ərzində 35 dəfə qapıya zərbə vurublar ki, bunun 20-də top çərçivəyə ünvanlanıb. 20 zərbədən cəmi 3-nün qolla nəticələnməsi yəqin ki, bir futbol matçında nadir hallarda baş verən hadisədir.

Bunun fonunda komandamızın cəmi 1 cəhdi olub ki, onda da müdafiəçilər topun qapıya çatmasına imkan verməyiblər.

Qeyd edək ki, qrupdakı 5 oyunda aktivinə xal yazdıra bilməyən millimiz sonuncu – 5-ci pillədə qərarlaşıb. Polşa isə 11 xalla liderliyə yüksəlib. Komandamız növbəti oyununu oktyabrın 27-də səfərdə Çexiyaya qarşı keçirəcək.

Qadınlar arasında Avropa çempionatının seçmə mərhələsi

D qrupu
23 oktyabr
Polşa – Azərbaycan – 3:0

Mesjaş, 41, Zavistovska, 47, 65
Varşava. “Poloniya” stadionu

OYUNUN STATİSTİKASI
Qollar – 3:0
Zərbələr – 35:1
Çərçivəyə zərbələr – 20:0
Çərçivəyə düşməyən zərbələr – 14:0
Bloklanan zərbələr – 1:1
Künc zərbələri – 14:0
Oyundankənar vəziyyət - 2:2
Qayda pozuntuları – 8:4