20:44 24-10-2020
news_image

Rüstəm Orucov qızıl medal qazandı - YENİLƏNİB

Macarıstanın paytaxtı Budapeştdə keçirilən cüdo üzrə “Böyük dəbilqə” turnirin davam edir.
 
Apasport.az saytının məlumatına görə, yarışın ikinci günündə Azərbaycanın 4 idmançısı tatamı üzərinə çıxıb.
 
Tokio Olimpiadasına reytinq xalları verilən turnirdəki təmsilçilərimizdən üçü mübarizəni erkən dayandırıb. Yalnız Rüstəm Orucov (73 kq) bütün görüşlərini qələbə ilə başa vuraraq, fəxri kürsüdə yer alıb.
 
Kişilər 
73 kq

Telman Vəliyev 1/32 finalda Georgios Azoidis (Yunanıstan) üzərində qələbə qazanıb. İdmançımız növbəti qarşılaşmada türkiyəli Bilal Çiloğluna uduzaraq mübarizəni dayandırıb. İlk mərhələdən azad olan Rüstəm Orucov 1/16 finalda Anxaya Lavjarqal (Monqolustan), 1/8 finalda Mark Xristova (Bolqarıstan) qalib gəlib. Cüdoçumuz 1/4 finalda rusiyalı Musa Moquşkovu, yarımfinalda isə isveçli Tommi Maciası məğlubiyyətə uğradıb. Finala çıxan Rüstəmin qızıl medal uğrunda qarşılaşmadakı rəqibi Nils Ştump (İsveçrə) olub. Olimpiya mükafatçımız ipponla inamlı qələbə qazanaraq, çempion tituluna yiyələnib. O, uğurunu əsgər salamı ilə qeyd edib. 
 
81 kq
1/32 finalda tatamiyə çıxan Murad Fətiyev Gilyerme Şmidtə (Braziliya) qalib gəlsə də, növbəti görüşündə rusiyalı Hasan Xalmurzayevə uduzub. Yarışa 1/16 finaldan başlayan Hidayət Heydərov da yarışla erkən vidalaşıb. O, İvaylo İvanova (Bolqarıstan) məğlub olub.

Qeyd edək ki, Azərbaycan millisi 80 ölkədən 624 cüdoçunun qatıldığı turnirə 17 idmançı ilə yollanıb. İlk yarış günündə tatamiyə çıxan 7 cüdoçumuzdan yalnız 3-cü olan Orxan Səfərov mükafatçılar sırasına düşüb.