12:11 26-10-2020
news_image
105
FUTBOL

“Qələbənin qarşılığında mükafatın verilməsi normaldır” - Riad Rəfiyev

"Çox maraqlı oyun oldu. Öndə ondan başlayaq ki, nəinki bu, son 3 oyuna köklənmək çox çətindir. Çünki hamımızın fikri cəbhədədir. Allah əsgərlərimizi qorusun, Ordumuza qüvvət versin!". 

Apasport.az saytının məlumatına görə, bunu "Sumqayıt"ın prezidenti Riad Rəfiyev bildirib.
 
"Gənclik şəhəri"nin təmsilçisi ilk dövrənin son turunda "Sabah" üzərində səfər qələbəsini son saniyələrdə vurduğu qolla qazanıb. Rəfiyev futbolçularının xarakter göstərməsini xüsusi vurğulayıb: "Qarşılaşmalara köklənmək nə qədər çətin olmasına baxmayaraq, çox maraqlı oyun alındı. Hər iki komanda yaxşı futbol sərgilədi. Axıradək oynadıq, xarakter göstərdik. Fikrimcə, 3 xala layiq oyun göstərib qələbə qazandıq".
 
"Sumqayıt" qələbə topunadək xeyli qol imkanını, təkbətək epizodları qaçırıb. Klub prezidenti bunu konsentrasiyanın itirilməsiylə əlaqələndirmir: "Futboldur, bəzən görürsən ki, belə şeylər olur. Xeyli sayda qol epizodumuz oldu, istifadə edə bilmədik. Ancaq son hücumda, son 10 dəqiqədə meydana çıxan gənc futbolçumuz Səbuhi Abdullazadə qələbə topunu vurdu. Oyundan sonra paltardəyişmə otağına daxil olaraq komandanı təbrik elədim. Əlbəttə, hamı bilir ki, qələbənin qarşılığında mükafatın verilməsi normaldır. Komanda qalib gəlibsə, onlar mükafatları alacaq". 
 
Yaxşı deyiblər ki, iştaha diş altında olur. "Sumqayıt" ilk dövrəni vahid lider kimi bitirib. Maraqlıdır ki, bu, komandanın hədəflərini dəyişdiribmi? Rəfiyevi dinləyək: "Fikrimcə, hədəf bütün komandalarda eyni olmalıdır - hər oyuna qalib gəlmək üçün çıxmaq, 3 xalı qazanmaq. Bizdə də hədəf budur" (sport24.az).