15:27 26-10-2020
news_image
172
FUTBOL

“Sabah”ı işıqlandır, bu gün gec deyil

Premyer Liqanın ilk dövrəsindən sonrakı mənzərə son illərin ən gərgin mövsümünə işarədir.

“Qarabağ”ın avrokubokda mübarizəni davam etdirdiyi müddətdə bu, gözlənilən idisə, əsas sürpriz komandaların turnir cədvəlindəki mövqeləridir.

Etiraf edək ki, proqnozlara əsasən, indi “Sumqayıt”la “Sabah”ın yerləri tam əksi olmalı idi. Yayda ciddi maliyyə problemi yaşayan, gedən aparıcı oyunçuların boşluğunu məhdud imkanlarla doldurmağa çalışan “Sumqayıt”dan heç kim bu yüksəlişi gözləmirdisə, hazırkı dönəmə görə pulunu balta kəsməyən və heyətini gücləndirən “Sabah”ın nəticələri şok effekti verməkdə davam edir.

Bütün bunlar bir daha təsdiq edir ki, zəngin heyət, güclü futbolçular uğur qazanmaq üçün yetərli deyil. Bunun üçün hər şeydən əvvəl yaxşı idarəçin və işini bilən məşqçin olmalıdır. “Sumqayıt”ın prezidenti Riad Rəfiyev məhdud büdcəyə görə ən yaxşı futbolçuları, baş məşqçisi Ayxan Abbasov isə mümkün variantlar arasında fəlsəfəsinə uyğun olanları seçməyi bacarır.

“Sabah”la bağlı isə bunun tam tərsini deməliyik. İndi həyatda olmayan klubların yolu ilə gedən Bakı təmsilçisi pulunu sağa-sola xərcləməkdən çəkinmir, özünü bir balaca göstərən yerli oyunçuları bu qüdrətlə qanadları altına yığır. Klubun necə gəldi futbolçu toplaması az imiş kimi, baş məşqçi postuna da kimi gəldi təyin edirlər. Jelko Sopiçdən “əli bala batan” “Sabah” köməkçi-məşqçilərə baş məşqçilik təcrübəsi yaşatmaq sevdasını davam etdirdi. Nikola Yurçeviç nümunəsindən sonra estafeti götürən bakılılar görünür, bunu ənənə halına salmaqda qərarlıdırlar.

Əsası yerli futbolçulardan, üstəlik, milli üzvlərindən qurulan heyətə rəhbər kimi ispaniyalını, özü də baş məşqçilik təcrübəsi olmayan birini gətirmək intihardan başqa bir şey deyil. Buna görə də, “Sabah” rəhbərliyi çempionatda ardıcıl 4 məğlubiyyətin günahını indi baş məşqçi Visente Qomesdə görməsin. Cəmi bir dövrədən sonra liderdən 8 xal geri qalmaq artıq kəndiri boğaza keçirməyə bərabərdir. Paytaxt təmsilçisi ayağının altındakı stul təpiklənməmiş boğazındakı kəndiri çıxarmalı, gec olmadan yanlışından dönməlidir.

Görünür, təzminat məsələsi Qomesin əlini gücləndirir ki, ispaniyalı istefa söhbətini yaxına belə buraxmır. Halbuki onun yerində hansısa yerli məşqçi olsaydı, yəqin ki, uğursuz seriyanın 4 matça çatmasına imkan verməzdilər.

Düzdür, mövsümün sonuna hələ çox vaxt var. Bu üzdən sabah deyil, bu gün ayılmalı, komandanı təcrübəli, baş məşqçiliyi bacaran birinə tapşırmalı, transferlə bağlı qərarı da onun ixtiyarına verməlidir. Əks halda, bu biabırçı çıxış mövsümün fiasko ilə yekunlaşmasına səbəb olacaq.

APASPORT